Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-21 09:30:00
"Bunu bir-iki cümlə ilə demək olmaz, mütləqdir ki...” – Nizami Xudiyev “orfoqrafiya dəyişikliyi”ndən danışdı

Azərbaycan dilinin orfoqrafiya qaydalarına nəzərdə tutulan dəyişikliklərlə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyasının yekun iclası bu gün keçiriləcək. Azərbaycan dilinin Orfoqrafiya lüğətinə ediləcək dəyişikliklər hələ də ölkədə müzakirə predmetidir. Layihənin 22, 37 və 69-cu bəndlərinin qəbul olunmasına etiraz daha güclüdür.

Ayrı-ayrı ziyalılar  müxtəlif mətbuat orqanlarına açıqlamalarında edilən dəyişikliklərə birmənalı yanaşmayıblar.

Tanınmış dilçi alim, bir zamanların məşhur simalarından olan professor Nizami Xudiyev AzEdu.az-a açıqlamasında bu məsələ ilə bağlı çox danışmağa ehtiyac görməyib. Keçmiş AzTv sədri bu barədə danışmaq deyil, ayrıca elmi məruzə hazırlamağın vacibliyini bildirib:

“Orfoqrafiya dilçiliyin elə bir qoludur ki, o, mütəmadi olaraq yenilənməlidir. Orfoqrafiya lüğətlərində dəyişikliyin olması normaldı və zaman-zaman da bu işlər görülüb. Zamanın tələbi, dilimizdə işlək hüququ qazanan sözlərin cəlbi orfoqrafiya lüğətlərinə dəyişiklikləri vacib edən səbəblərdir. Odur ki, mən orfoqrafiya lüğətində edilən son dəyişikliklərə də yaxşı baxıram. Orfoqrafiya lüğətidirsə, burada dəyişikliklərin  də olması normaldır. Amma bu barədə bir-iki cümlə ilə danışmaq olmaz. Bunun üçün ayrıca elmi məruzə hazırlamaq və sonra o məruzədən çıxış etmək lazımdır”.

Xatırladaq ki, Orfoqrafiya Komissiyasının sentyabrın 13-də keçirilən iclasında Orfoqrafiya qaydaları layihəsinin qəbul edilən maddələrinin tam siyahısı açıqlanıb.

Tam siyahı belədir:

Maddə 31: Avropa dillərindən alınma sözlərdə söz əvvəlində qoşa s samitlərindən birinin düşməsi.

 Mövcud variant: ssenari, ssuda.

 Təklif olunan variant: senari, suda.

2.Maddə 33: Avropa dillərindən alınma sözlərdə söz sonunda qoşa s samitlərindən birinin düşməsi.

 Mövcud variant: boss, brass, ekspress, stress, trass və s.

Təklif olunan variant: bos, bras, ekspres, stres, tras və s.

3.3Anti... ön şəkilçisi və trans..., proto... morfemlərinin xüsusi isimlərlə birləşməsi qaydası. Bu ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.

 Təklif olunan variant: anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s.

4.4Maddə 40-ın qeydi: Qeyri... və ümum... morfemləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.

 Təklif olunan variant: qeyri-Avropa, ümum-Azərbaycan, ümum-Avropa, ümum-Bakı, ümum-Rusiya, və s.

5.5 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.

6.6Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır:

Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi.

7.Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.