Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 16:30:00
“Sosial tədqiqatlar” jurnalı elmi nəşrlərin siyahısında 

Sosial Tədqiqatlar Mərkəzinin (STM) beynəlxalq redaksiya heyətinə malik elmi nəşri olan “Sosial tədqiqatlar” jurnalı Prezident yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilib. AAK “Sosial tədqiqatlar” jurnalında dərc edilən məqalələrin müxtəlif elm sahalərini əhatə etdiyini və müvafiq bölmələri əsas götürərək “Fəlsəfə və sosiologiya”, “Siyasi elmlər”, “İqtisad elmləri”, “Tarix və antropologiya” elm sahələri olmaqla 4 bölmədə təqdim edib.

 

Qeyd edək ki, bundan əvvəl “Sosial tədqiqatlar” jurnalı 06 avqust 2019-cu il tarixində Ədliyyə Nazirliyində 4248 nömrəsi ilə mətbu nəşrlərin reyestrində qeydiyyatdan keçib. 2021-ci ilin mart ayında isə mərkəzi Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Serial Nəşrlərin Qeydiyyatı Mərkəzi tərəfindən “Sosial tədqiqatlar” jurnalına Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN 2788-8789) ilə bağlı sertifikat verilib.

Jurnalda əsasən sosiologiya, psixologiya, iqtisadiyyat, siyasət, hüquq, fəlsəfə, tarix kimi ictimai və humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin, yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.

 

Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları “Sosial tədqiqatlar” jurnalına aiddir. Jurnalda çap edilmiş məqalələrin eynilə digər nəşrlərdə (məqalənin tezis şəklində dərc olunmuş variantı istisnadır) dərcinə yalnız Redaksiyanın yazılı icazəsi, sitatların verilməsinə isə mənbə göstərilmək şərtilə yol verilir.

Əvvəllər çap olunmuş və ya çap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir.


Simpoziumlarda, konfranslarda təqdim olunan və tam şəkildə yayımlanmayan materiallar məqalə formasında qiymətləndirilmə və resenziyalaşdırılma mərhələsinə tədim edilə bilər.

Jurnalda Azərbaycan, ingilis, türk və rus dillərində məqalələr dərc edilir.


Onu da əlavə edək ki, jurnalın ayrıca olaraq iki dildə (Azərbaycan və ingilis) internet saytı ( https://socialresearchjournal.az/ ; https://socialresearchjournal.az/index.php/en/ ) və Feysbuk səhifəsi (https://www.facebook.com/profile.php?id=100072990687418 ) fəaliyyət göstərir.


Hazırda jurnalın beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olması üzərində intensiv işlər aparılır.