Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 09:42:10
Universitet tələbələri yenidən etiraza qalxdılar

Dinc nümayişçilərə qarşı güclü repressiya metodları fonunda İranda gedən etiraz nümayişlərinin qarşısını almaq hələ də mümkün olmur. Baxmayaraq ki, hakimiyyət orqanları nümayişlər dalğasının müəyyən qədər zəifləməsinə nail olub, bu etirazların tamamilə aradan qaldırılması barədə danışmaq hələ tezdir.

AzEdu.az xəbər verir ki, iki gün bundan öncə Tehran Universitetinin tələbələri yenidən etitaz hərəkatına başlayıb. Onlar dərslərin onlayn formaya keçirilməsi və yataqxanaların bağlanmasına etiraz olaraq küçələrə tökülüb. Məlum olub ki, universitet rəhbərliyi tələbələrin hakimiyyət orqanları ilə qarşıdurmasını dayandırmaq üçün dərslərin onlayn keçirilməsini qərara alıb. Bununla  bağlı yataqxana və tələbə evlərinin, tələbə yeməkxanalarının bağlanması qərara alınıb.

Martın 16-dan aprelin 7-nə qədər universitet tələbələrin üzünə bağlı olacaq.

Məlum olduğu kimi, martın sonu, aprelin əvvəlləri İranda Novruz bayramı ilə əlaqədar ümumxalq təntənələri keçirilir. Bu dövrdə insanlar tətildə olur, mitinq və küçə hərəkatları təşkil etmək baxımdan ən əlverişli zamandır. Novruz bayramı ilə əlaqədar mitinq və nümayişlərin qarşısını almaq üçün hakimiyyət orqanları bu müddət ərzində universitet və məktəbləri bağlı saxlamağı qərara alıb. Ölkənin Tələbə İttifaqı Şurası hakimiyyətin bu qərarının məhz tələbələrin bir yerə toplaşmasının qarşısının alınması məqsədi güddüyünü  bildirərək etiraza qalxıb. İran hökuməti isə ilin sonu olduğu üçün universitetlərə ayrılan büdcənin bitməsini əsas gətirərək, dərslərin müvəqqəti bağlanmasını zəruri sayıb.

Qeyd etmək lazımdır ki, universitetlərin müvəqqəti bağlanması mitinq və nümayişlərin qarşısını almaq üçün İran hökumətinin əl atdığı yeganə vasitə deyil. Fəal tələbələrin kütləvi şəkildə universitetlərdən xaric olunması faktları adi hala çevrilib. 

Bundan əvvəl Qum və Burucerd şəhərindəki qızların təhsil aldığı məktəblərdə oxuyan şagirdlərin kütləvi şəkildə kimyəvi maddələrlə qəsdən zəhərlənməsi faktı da ortaya çıxmışdı. Yenə də məqsəd eyni idi. Zəhərlənən məktəblər mitinq və nümayişlərdə daha fəal iştirak edirdi və onların fəaliyyətini başqa yolla saxlamaq mümkün olmurdu. Təhsil Nazirliyi bir müddət hadisəni ort-basdır etməyə çalışsa da, buna nail ola bilmədi. Son məlumatlara əsasən isə İran xüsusi xidmət orqanlarının həyata keçirdiyi bu tədbir nəticəsində 600-dən artıq qız zəhərlənərək xəstəxanalara müraciət edib. Vəziyyət o həddə çatıb ki, məsələni ölkə oarlamentinin müzakirəsinə çıxarıblar.