Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-20 09:49:08
Dayələr haqqında ən geniş yayılmış 6 mif! – Bunları bilməlisiniz!

Dayə tapmaq valideynlərin rastlaşdığı bəlkə də ən çətin prosesdir. Çünki bu, bəzən gənc ata və ananın öz kiçik yaşlı uşağının təlim-tərbiyəsi istiqamətində bəlkə də ilk addımıdır. Əgər siz də bu sahədə təcrübəsizsinizsə, onda  bizi oxuyun. Biz uşaqlarınızın təlim-tərbiyəsi ilə bağlı bütün sahələr haqqında məhz sizi maraqlandıran məlumatları təqdim edir və rastlaşdığınız bütün sualları cavablandırmağa çalışırıq.

Elə isə AzEdu olaraq dayələr haqqında yayılmış mifləri sizinlə bölüşürük. Nəinki bölüşürük, hətta onları mif olmaqdan çıxarırıq.

  1. Dayə mütləq pedoqoji təhsilə malik olmalıdır. Pedoqoji universitet və kollec bitirmək heç də uşaqlara sevgi və məhəbbət bəsləməyə zəmanət vermir. Amma uşaq bağçalarının tərbiyəçiləri bu baxımdan daha əlverişli ola bilər. Sadəcə, bu və ya digər şəxsin sizin tələb etdiyiniz təlim konsepsiyasına uyğun gəlib-gəlməməsi barədə düşünün. Bəzən xoşrəftar və uşaq böyütmək sahəsində yetərincə təcrübəyə malik qadın diplomlu pedaqoqdan daha yaxşı dayə ola bilir.

  2. Dayə 40 yaşından yuxarı olmalıdırmı? Bu sizin tələbinizdən və istəyinizdən asılıdır. Əgər sizə belə uyğun gəlirsə, yaşlı dayə axtarın. Amma gənc dayə uşaqların tərbiyəsi zamanı heç də pis effekt vermir. O enerjilidir, sizin tələblərinizi düşünmədən yerinə yetirməyə hazırdır, uşağınızı əyləndirmək üçün yeni vasitələr tapmağa tənbəllik etmir, səhhəti bütün qüvvəsini işə yönəltməyə imkan verir.

  3. Dayə yalnız ana işləyirsə lazımdır? Bu heç də belə deyil. Təbii ki, ana əgər işləyirsə, bu ailədə dayəsiz keçinmək mümkün deyil. Amma dayə ana işləməyəndə də lazım olur. Əgər ailə ana işləmədiyi halda dayə tutmağa resursa malikdirsə, onun evdə olması yalnız xeyir verəcək. Çünki ev işləri də anaları yoran və depressiyaya salan iş növlərindəndir. Evdə etibarlı köməkçinin mövcudluğu yalnız işin xeyrinədir. Bu heç də sizin analıq keyfiyyətlərinizi azaltmayacaq. Əksinə, uşağınız ikiqat qayğı ilə əhatə olunacaq. Siz ev işlərini gördükdən sonra istədiyiniz vaxt daha böyük həvəslə analıq vəzifələrini yerinə yetirməyə dönəcəksiniz.

  4. Dayənin dəyişdirilməsi faciədirmi? Əlbəttə ki yox. Amma bu xoşagələn hadisə deyil, əgər uşağınız dayəyə öyrənişməyə vaxt tapıbsa. Amma dayəni dəyişmək istədikdə bunu ilk gündən düşünmək lazımdır. Yəni dayənin ilk hərəkətləri sizi ilk gündən qane etmirsə, dərhal onu dəyişmək haqqında düşünün və uşağınızın ona daha möhkəm bağlanmasına imkan verməyin. Bəzən dayələr işə başlayan zaman bir qiymət, müəyyən müddətdən sonra başqa qiymət deyirlər. Yəni uşağın ona öyrəşməsindən istifadə edib, sonradan qiyməti qaldırırlar. Belə halların qarşısını almaq üçün müqavilə bağlayan zaman bu məsələni nəzərdə tutun.

  5. Dayə ailə üzvü qədər yaxın ola bilərmi? Bəli belə hallar mümkündür. Amma təsadüfi hallarda. Bəzən dayə ailə ilə son dərəcə yaxın münasibətlər qurmağa müvəffəq olur. Bu da uşağın dayəni necə qəbul etməsindən asılıdır. Əgər uşaq ilk gözünü açıb anadan sonra dayəni görübsə və ona uyğunlaşıbsa, bu, ailənin də dayə ilə yaxın münasibətlər saxlaması ilə nəticələnəcək. Belə hallarda ailə dayə ilə uzunmüddətli əməkdaşlıq etməyin tərəfdarı olur.

  6. Dayəni də tərbiyə etmək mümkünürmü? Bəzən dəvət etdiyiniz dayə sizi tam qane etmir. Yəni onun müsbət xüsusiyyətlərini qəbul edirsiniz, amma qəbul etmədiyiniz hallar sizi narahat edir. Belə olan halda dayədən bu və ya digər xasiyyətdən əl çəkməyi tələb edirsiniz. Dayə də öz növbəsində işini və əlverişli şəraiti itirməmək naminə sizin tələb etydiyiniz şərtləri qəbul edir.