Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 18:10:00
Qəzada yaralanmış beş müəllimlə bağlı SON XƏBƏR
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev bu gün Siyəzən rayonu ərazisində baş vermiş avtomobil qəzasında yaralanan müəllimlərə xəstəxanada baş çəkib, onların sağlamlıq vəziyyəti ilə maraqlanıb.

AzEdu.az xəbər verir ki, İdarənin məlumatına görə, həkimlər hazırda müəllimlərin sağlamlığı ilə bağlı həyati təhlükə olmadığını bildirib.

Qeyd edək ki, fevralın 17-də baş vermiş avtomobil qəzasında Siyəzən rayonu F.Cəlilov adına Məşrif kənd tam orta məktəbinin iki müəllimi - Aygün İsmayılova və Aygün Vəliyeva dünyasını dəyişib.

Ə.Şahbazov adına Dağquşçu kənd tam orta məktəbi və E.Yusifov adına Qozağacı kənd ümumi orta məktəblərin beş müəllimi isə yaralanıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, fevralın 17-də saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də - Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Mercedes Vita" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes”də olan sərnişinlərdən 3 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.