Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 17:45:00
Bu ali məktəbdə “SABAH Akademiya” açıldı

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “SABAH Akademiya”nın açılışı olub.

AzEdu.az xəbər verir ki, açılış mərasimində “SABAH Akademiya” haqqında məlumat verilib. Bildirilib ki, “SABAH Akademiya”nın məqsədi gənclər arasında innovasiya, sahibkarlıq ruhunu yüksəltmək, ölkədə rəqabət qabiliyyətli sahibkarlıq ekosistemi yaratmaq və bu sahədə kadr potensialını formalaşdırmaqla insan inkişafına töhfə verməkdir. Proqram Elm və Təhsil Nazirliyinin “SABAH lab” Proqramı və Dövlət İdarəçilik Akademiyasının ikili əməkdaşlığı çərçivəsində həyata keçirilir.

“SABAH Akademiya” Azərbaycanda rəqabətqabiliyyətli innovasiya və sahibkarlıq ekosistemi yaratmaq üçün gəncləri lazımi bacarıqlarla təmin etmək məqsədilə yaradılıb. Bütün bunları nəzərə alaraq, hazırda iqtisadiyyatın qeyri-neft sektorlarını inkişaf etdirmək üçün böyük fəaliyyət başlayıb. “SABAH Akademiya”nın əsas hədəfi Azərbaycanda və regionda innovasiyaların əsasını qoymaq, iqtisadi inkişafa təkan vermək üçün ölkədə rəqabətli ekosistem yaratmaqdır.

Təhsil proqramı çərçivəsində beynəlxalq universitetlərin (Stanford, IE Business School) professorları tərəfindən dərslərin tədrisi həyata keçiriləcək. Proqram daxilində tələbələr innovativ təlim proqramına cəlb olunurlar. Digər bir üstünlük də ondan ibarətdir ki, iştirakçılar bu proqram daxilində akademik nəzəriyyə ilə yanaşı, birbaşa tətbiq edə biləcəkləri praktikanı öyrənirlər. Dərslər əsasən eksperimental və praktiki yanaşma ilə keçiriləcək. Proqramın məzunları Avropada reytinqdə birinci yerdə olan IE Business School və “SABAH Akademiya” tərəfindən imzalanmış beynəlxalq təhsil sertifikatı alacaqlar.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov proqramın əhəmiyyətindən danışıb.