Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 11:18:00
Tezis təklifi necə hazırlanmalıdır? - Xaricdə təhsal almaq istəyənlər mütləq OXUSUN

Türkiyə və başqa xarici ölkələrə magistratura və ya doktorantura təhsili üçün müraciət edəndə azərbaycanlı tələbələrin qarşılaşdıqları ən ciddi tələblərdən biri də tezis (dissertasiya) təklifidir (Türkcə – “tez önerisi”, ingiliscə - “thesis proposal” dediyimiz şey).

 

AzEdu.az-a danışan Ankara Universitetinin doktorantı, BDU-nun müəllimi Qoşqar Bəylərov açıqlamasında gənclərin tezis təklifində qarşılaşdıqları problemlərdən söz açdı. Gənc doktorant xaricdə təhsil üçün müraciət edən gənclərin daha uğurlu dissertasiyalar hazırlaya bilməsi üçün önəmli nüansları da qeyd etdi.

 

 

“Tezis təklifi magistratura və ya doktorluq dissertasiyasına başlamazdan əvvəl universitetinizə təqdim edilməli olan və hazırlanacaq dissertasiyanın planını açıqlayan, bunlar haqqında ilkin məlumat verən hesabatdır.

 

Artıq bir çox universitetlər və eləcə də demək olar ki, bütün təqaüd proqramlarına müraciət edərkən (yəni, daha qəbul almadan əvvəl) universitetlər namizəd tələbələrindən tezis təklifi istəyirlər”.

 

Q.Bəylərov tezis təklifini hazırlamaqda gənclərin çətinlik çəkməsinin səbəbinə aydınlıq gətirdi.

 

“Əslində həcm baxımından baxdığımız zaman heç də böyük olmayan (təqaüd proqramlarında təxminən 4-5 səhifə, bəzi universitetlərdə daha çox ola bilir) tezis təklifini azərbaycanlı tələbənin hazırlamağını çətin edən şey Azərbaycanda tədqiqat metodları ilə bağlı dərsin bütün universitet və fakültələrdə tədris olunmamağıdır.

Hər hansı bir elm sahəsinin inkişafı üçün ən vacib şərt həmin sahə üzrə tədqiqatların düzgün metod və texnikalarla aparılmasıdır. Avropanın, eləcə də dünyanın qabaqcıl universitetlərində bütün elm sahələri üzrə tədqiqat və araşdırma metodları (metodologiya) dərsi tədris olunur”.

 

Gənc doktorant hesab edir ki, dünya standartlarına cavab verən dissertasiyaların hazırlanmasında tədqiqat və araşdırma metodlarına dərindən bələd olmaq vacibdir.

 

“Azərbaycanda da elmi məqalə və dissertasiyaların daha keyfiyyətli hazırlanması, dünya standartlarına cavab verməsi və ya ən azından təhsilini başqa ölkədə davam etdirmək istəyəndə tezis təklifini çətinlik çəkmədən yaza bilməsi üçün tələbələrin tədqiqat və araşdırma metodlarını dərindən bilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, bir çox ixtisaslar sadəcə peşə deyil eyni zamanda öyrənilməsi və tədqiqi vacib olan bir elm sahələridir.

 

Belə olmadığı halda tələbə, tədqiqatın növləri; kəmiyyət və keyfiyyət əsaslı tədqiqatlar, onların xüsusiyyətləri, üstün və zəif tərəfləri, tədqiqat işini hazırlamaq üçün lazım olan digər nəzəri və praktiki məlumatlar haqqında heç bir bilgi sahibi olmurlar. Nəticədə, dünyada və eləcə də qonşu Türkiyədə tələbələr üçün heç də dəhşətli dərəcədə çətin görünməyən tezis təklifi azərbaycanlı tələbələrin qorxulu yuxusuna çevrilir. Çünki xüsusilə tezisi hansı metodla yaza biləcəkləri haqqında, haqlı olaraq, təssəvürləri olmur”.

 Open photo

BDU-nun gənc müəllimi YTB proqramı üzrə müraciət edənlər üçün tezis təklifinin strukturu barədə məlumat verdi.

 

“Qeyd etmək lazımdır ki, Türkiyə universitetlərindən heç də hamısı əvvəlcədən tezis təklifi istəmir, lakin istəyən də sayı az deyil. Türkiyədə təhsil almaq fürsətlərindən ən yaxşısı olan Türkiyə Təqaüdləri (YTB) proqramı isə tezis təklifi istəyir və həmin tezis təklifində aşağıdakı suallara cavab verilməlidir:

1- Tezisin adı

2- Tezisin mövzusu (Maksimum 15 söz)

3- Tezisin problemi (Minimum 75, maksimum 300 söz)

4- Tezisin metodu (Minimum 50, maksimum 300 söz) (Bu işdə istifadə etməyi planlaşdırdığınız akademik tədqiqat metodları haqqında məlumat verin. Məsələn, dərindən müsahibələr, müşahidələr, sorğular, təcrübələr)

5- Tezis probleminin izahı (minimum 75, maksimum 300 söz. Burada siz mövzunu necə, hansı başlıqlar və yarımbaşlıqlarla yazmaq istədiyinizi də qeyd edə bilərsiniz)

6- Tezisin elmi töhfəsi (Minimum 75, maksimum 300 söz)

7- Ədəbiyyat siyahısı və biblioqrafiya (Bu sahədə yazılmış və sizin faydalanacağınız əsas akademik mənbələri yazılmalıdır)”.