Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 09:42:42
Xankəndili abituriyentlərin HAY-KÜYÜ…

Qarabağda erməni məktəblərini bitirən abituriyentlər İrəvanda keçirilən qəbul imtahanlarının birinci turunda iştirak edə bilməyiblər.

AzEdu.az xəbər verir ki, erməni tərəfinin qaldırdığı hay-küyə əsasən, onlar guya qondarma respublikanın “blokadada” saxlanmasına görə imtahan gedə bilməyiblər. Amma orada blokada adlı bir şeyin mövcud olmaması artıq hamıya məlumdur. Artıq həm beynəlxalq təşkilatlar, həm də Ermənistanın arxasında dayanan Fransa kimi dövlətlər İrəvanın blokada nağıllarına inanmırlar. Erməni məktəb məzunlarının Ermənistana keçidinin təşkil olunması da ciddi problem deyil. Onlar uşaqlarının qəbul imtahanlarında iştirak etmələrini istəsəydilər, bunu çox asanlıqla rus sülhməramlıları və ya Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə edərdilər. Necə ki, hər gün onlarla humanitar  yüklü maşınları hər iki istiqamətdə hərəkət etmələri barədə məlumatlar açıqlanır. Ermənilər bu hadisəni qabartamqla diqqəti mövcud olmayan “blokadaya” növbəti dəfə cəlb etməyə çalışırlar.

Amma onların məkrli planı bununla bitmir. Qiymətləndirmə və Testləşdirmə Mərkəzinin mətbuat xidmətinin  rəhbəri Xaçanuş Qriqoryanın verdiyi məlumata görə, Xankəndidən olan orta məktəb məzunlarının İrəvanda keçirilən qəbul imtahanlarında iştirak etməsi üçün müxtəlif  variantlar barədə düşünülür. Belə variantlar arasında  onlar üçün qəbul imtahanlarının onlayn qaydada keçirilməsi və ya məzunların hamısının imtahansız Ermənistanın ali məktəblərinə qəbul olunmasıdır. Valideynlər ikinci varianta üstünlük verir. Çünki onların heç də hamısı övladlarının ali məktəblərə qəbul olunacağına əmin deillər. Digər tərəfdən, Xankəndidən olan 50 nəfərin imtahansız Ermənistan orta məktəbləri üçün ayrılan yerləri tutması gərginliyə səbəb ola bilər.

Ermənistanda bu problemin həll olunması istiqamətində müzakirələr davam etdirilir. Görünən odur ki, həmişə olduğu kimi, sonda bu abitriyentlərin universitetlərə yerləşdirilməsini Rusiya tərəfi öz üzərinə götürəcək. Təbii ki, rus dilini bilsələr.

 

Əlimusa İbrahimov