Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-22 13:01:00
Kənd məktəblərində kişi müəllimlərin sayı daha çoxdur- “Vəziyyət getdikcə düzəlir”

 

 “Diaqnostik qiymətləndirmə tədbiq olunandan sonra müəllimlik peşəsini seçənlərin sayı getdikcə çoxaldı”.

 

Son illər ərzində pedaqoji sahəyə meyllənən kişilərin sayı xeyli azalıb. Elm və təhsil naziri Emin Əmrullayev ötən günlərdə mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayınının artırılması vacibliyini vurğulayıb:

 

“Biz məktəblərdə kişi müəllimlərin çox olmasını istəyirik. Hesab edirəm ki, bu problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə ciddi ehtiyac var”.

 

Bunun əsas səbəbi nədir? Problemi necə həll etmək olar?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında  Milli Məclisin deputatı Kamilə Əliyeva orta məktəblərdə kişi müəllimlərin sayının əvvəlkinə nisbətən çoxaldığını qeyd edib:

 

“Orta məktəblər diaqnostik qiymətləndirməyə keçmədən öncə kişi müəllimlərin sayı hazırkı zamana nisbətən az idi. Əvvəllər gənc oğlanlar müəllimlik peşəsini seçmirdilər. Amma, hazırda vəziyyət tamamilə başqadır. Statistikaya görə kişilər arasında müəllimlik peşəsini seçənlərin sayı əvvəlkinə nisbətən daha çoxdur. Diaqnostik qiymətləndirmə tədbiq olunandan sonra müəllimlərin əmək haqqısında ciddi artım oldu və buna görə də, ümumiyyətlə müəllimlik peşəsini seçənlərin sayı getdikcə çoxaldı. Əvvəllər müəllimlik peşəsini maaşın azlığına görə seçmirdilər. Kişilər fikirləşirdilər ki, orta məktəbdə əmək haqqı aşağıdır. Ailə başçısı kimi həmin maaş onlara az gəlirdi. Ola bilər ki, şəhər məktəblərində qadınlar daha çoxluq təşkil etsinlər, amma rayonlarımızda xüsusi ilə kənd məktəblərində kişi müəllimlərinin sayı xeylidir”.

 

Deputat məktəblərdə kişi müəllimlərin önəmindən söz açıb:

 

“Kişi müəllimlərin orta məktəblərdə sayının çoxluğu vacibdir. Məktəblərdə təkcə qadın müəllimlər olduqda, burada təhsil alan oğlan uşaqlarının davranış və psixologiyasına təsir göstərə bilər. Oğlanlar on bir il təhsil adlığı müddətdə yalnız qadın müəllimləri görsələr onlarda kişi cinsinə xas olan xüsusiyyətlərin formalaşmasında bəzi çatışmazlıqlar meydana çıxa bilər. Bu isə, kişi müəllimlərin təhsildə nə dərəcədə əhəmiyyətli olduğunu göstərir”- deyə, o fikirlərini tamamlayıb.