Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-21 15:33:00
Ümumtəhsil məktəblərində  bir ilk–Duyğu bütünləmə üzrə terapiya otağı

 

 

Təhsil sahəsinin inkişafı Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi yanaşmanı, təhsilə verilən bu önəmi, həsas münasibəti və ənənəni möhtərəm prezidentimiz İlham Əliyev də bu gün uğurla davam etdirir. Təhsilə göstərilən bu diqqət ölkədə “insan kapitalı” kimi mühim bir dəyərin inkişafına vüsət verir.

 

Hər bir ölkənin parlaq gələcəyi, işıqlı sabahı onun təhsilinin inkişafı ilə şərtlənir. Son illərdə ölkəmizdə təhsil infrastrukturunun müasirləşməsi, məktəblərin maddi texniki bazalarının zənginləşdirilməsi, yeni nəsil dərsliklərin hazırlanması, müəllim nüfuzunun yüksəldilməsi, təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması, bir sözlə, təhsilin bütün sahələrində keyfiyyətin yüksəldilməsi istiqamətində vacib addımlar atılmışdır. Eyni zamanda təhsilalanlarda müxtəlifyönümlü bacarıqlarının artırılması və müəllimlərdə novatorluq, kreativlik kimi vacib cəhətlərin formalaşdırılması  məqsədi ilə  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müxtəlif layihələr işlənib hazırlanmış, həyata keçirilmişdir. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqələri də bunların sırasındadır.

 

2022-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi keçirilib. Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəb də “məktəb nominasiyası” üzrə qaliblər sırasına çıxa bilib. Qalib gəlmiş “ Sensor İnteqrasiya” ( Duyğu bütünləmə) adlı layihəmizin qrant almağı bizə dövlət ümumtəhsil məktəblərində bir ilk olan “Duyğu bütünləmə terapiya otağını” yaratmaq imkanı verib.

 

Bu gün 96 nömrəli məktəbdə təşkil olunan bu terapiya otağı ən son ləvazimatlarla və vasitələrlə təchiz olunub və hal-hazırda məktəb üzrə müxtəlif siniflərdə təhsil alan  duyğusal və motor çətinlikləri olan uşaqların müalicə və korreksaiya edilməsinə imkan verir. Qrant layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulmuş 15 terapiya məşəğələsində iştirak edəcək məktəbin 12 ibtidai sinif müəllimi növbəti illərdə bu terapiaya otağı vasitəsi ilə layihə dövründə peşəkar təlimçilərdən öyrəndikləri bilik və bacarıqlardan istifadə edərək şagirdlərlə korreksiya işlərini özləri həyata keçirə biləcəklər. Bu həm layihənin davamlılığının təmin edilməsinə imkan verəcək, həm də valideyni maddi xərcə salmadan məktəbə öz şagirdinə-onun övladına kömək edə bilmə potensialı yaradacaq.

 

Duyğusal və motor problemlərinin dövrümüzün əksər uşaqlarına xas və zaman üçün aktual problem olduğunu göz önündə tutsaq, bu tip layihələrin qrant qazanmağı dövlət məktəbləri üçün təhsilə faydalı olacaq və onun inkişafına təkan verəcək xeyli işlər görməyə imkan verir. Qalib layihələrin məqsəd və mahiyyətinə nəzər salanda bunu aydın görmək mümükündür.

 

Layihənin rəhbəri 96 nömrəli məktəbin direktoru Mehriban Hacıyevadır.