Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-12 11:45:00
“Dilçilikdə edilən əsassız dəyişikliklər müəllimləri nüfuzdan sala bilər” – Filologiya üzrə fəlsəfə doktoru

“Etimologiya lüğətini metodist alim, professor Bəşir Əhmədov yazacaqsa, böyük frazeologiya lüğəti Bakı Slavyan Universitetində, İşlək lüğət Tərcümə mərkəzində tərtib olunacaqsa, akademiyanın şöbələrini neylədin, ilahi?”

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə üzərində təhsil eksperti Nəbatəli Qulamoğlunun fikirlərinə cavab olaraq Bakı Slavyan Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Əhmədova deyib. Onun sözlərinə görə, AMEA Orfoqrafiya Komissiyasının sədri geoloq-paleontoloq, sədr müavini isə ədəbiyyatşünasdır:

“İyerarxiyada yalnız 3-cü mövqe dilçiyə aiddir. Onun da yumşaq, xeyirxah, üzüyola insan olduğunu nəzərə alsaq, böyüklərin təzyiqi qarşısında sədd çəkəcəyi, çəkə biləcəyi gözlənilmir. Belə görünür ki, bu məsələdə dilçilərin sözü həlledici deyil. Orfoqrafiya isə hamını əhatə etsə də, ilk növbədə, dilçilik məsələsidir.

Orfoqrafiyada dəyişiklik dilçilər tərəfindən ortaya atılmayıb. Bu ideyanın ilhamvericisi və hərəkətverici qüvvəsi ədəbiyyatşünalardır. Məsələ təbii doğulmayıb, yuxarıdan endirilmiş kimi görünür. Bu artıq linqvistik yox, ekstralinqvistik məsələyə çevrilib. Araşdırmaçı jurnalistlər qorxulu səbəblər, faktlar və rəqəmlər deyirlər. 

Komissiyanın işçi qrupunun iclas zamanı çəkilmiş şəkillərinə baxanda bir fizikin ağlından keçənlər mənim də ağlımdan keçir. O, bu qədər zinət əşyalarına neçə laboratoriya qurulmasını hesablayırmış. Mən də bu qədər dəyərli mütəxəssisin (aralarında dostlarım, tanışlarım da var) qüvvəsinə neçə cild lüğət tərtibinin mümkünlüyünü düşünürəm. Professor Əliheydər Orucovdan sonra izahlı lüğət tərtibində bir cild belə irəliləməmiş bir qurumun orfoqrafiya lüğəti sahəsində fəaliyyəti o qədər də etibar doğurmur. Etimologiya lüğətini metodist alim, orta məktəb dərsliklərinin müəllifi kimi tanınan professor Bəşir Əhmədov yazacaqsa, böyük frazeologiya lüğəti Bakı Slavyan Universitetində, İşlək lüğət Tərcümə mərkəzində tərtib olunacaqsa, akademiyanın şöbələrini neylədin, ilahi?”

Şəhla Əhmədova bütün işlərində akademiyadan rəy aldığı, sevgi ilə qarşılanıb sevgi ilə yola salındığı üçün hazırda naşükür, qədirbilməz adam kimi görünə biləcəyini vurğulayıb:

“Mənə rəy lazım olanda iki addımlığımızda olan Azərbaycan Dillər Univetsitetinə, beş addımlığımızda olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə, hətta böyüdüb boya-başa çatdıran Bakı Dövlət Universitetinə yox, məhz akademiyaya üz tutmağım qarşılıqlı sevgidən xəbər verir. Akademiyadan gözləntilərimiz çoxdur. Amma ortada qoşa “y”hərfinin  ixtisarı, “əsgər/ əskər” uğrunda bataliyadan başqa  gözəgörünən iş yoxdur.

“Y” hərfinin ixtisarı məsələsinin xeyirdən çox ziyan vuracağını düşünüb etiraz etmişəm. Razılaşan müəllimlərin mövqeyini anlayıram. Didaktik tərəfi yalnız işin asanlaşması, səhv etmək ehtimalının minimuma enməsi deyil. Burada müəllimin nüfuzdan düşməsi faktoru da var. “Əskinas / əsginaz/” arasında, “İskəndər/İgəndər arasında nə qədər manevr etmək olar?

Filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılovun məqaləsini oxusanız dərsliklərə, nəşriyyat işlərinə nə qədər maddi və mənəvi ziyan vuracağını peşəkarın dilindən eşidərsiniz. Söz sahibi dilçilərdən, generallardan  “y” nın ixtisarını dəstəkləyən ancaq dəyərli Firudin Cəlilovu tanıyıram . O da bunu "gələnəksəl yöntəmlərlə" bağlayır.  Ən qorxulu səbəblərdən biri də dəyişikliklər kifayət qədər əsaslandırılmır, hətta məntiqsizlik görünür. “Ədəbiyat” yazaq, çünki “ədəbiyat” deyirik ( fonetik prinsip). “Əskər” yazaq, çünki məxəz dildə belə yazılır. Bəs fonetik prinsip necə oldu? "Türkiyə türkcəsində belədir”, “türk dünyasına töhfə verək" kimi izahlar mənim kimi Türkiyəsevəri belə qorxudur”.

Xatırladaq ki, təhsil eksperti Nəbatəli Qulamoğlu sosial şəbəkə hesabı üzərindən “iyyat” hissəciyində bir “y”nın ixtisas olunması məsələsinə münasibət bildirib. O belə sözlərin yazılmasında şagirdlərin nə qədər əziyyət çəkdiyini əsas gətirərək bu qərarda komissiya üzvlərinin dəstəklənməli olduqlarını qeyd edib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları