Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-13 16:55:00
AzTU əməkdaşları Bilkent Universitetində səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva və kitabxana proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə baş məsləhətçisi İltifat İbrahimov Bilkent Universitetində səfərdə olub.

 

AzEdu.az xəbər verir ki, səfər zamanı AzTU nümayəndələri Bilkent Universitetinin kitabxanasının əməkdaşları ilə görüşüb, onların iş təcrübəsi ilə tanış olublar. Bilkent Universitetinin kitabxanasının xidmət şöbəsinin müdiri kitabxananın fəaliyyəti ilə bağlı məlumat verib, daha sonra isə kitabxana ilə tanışlıq olub.

 

Səfər çərçivəsində AzTU əməkdaşları kitabxananın Rəqəmsallaşdırma şöbəsinin işi ilə tanış olublar. Daha sonra rəqəmsallaşdırma mütəxəssisləri AzTU əməkdaşlarının suallarını cavablandırıblar. Həmçinin kitabxananın istifadə etdiyi avtomatlaşdırılmış kitabxana sistemi, rəqəmsal arxiv təcrübəsi, informasiya resurslarının rəqəmsallaşdırma texnologiyası və digər proqram təminatı kimi mövzularda müzakirələr aparılıb.

 

Texniki xidmətlər şöbəsində AzTU nümayəndələrinə kitabxananın ədəbiyyat qəbulu metodları, sorğu formaları, istifadə olunan kataloqlaşdırma standartları, kitabın texniki işlənmə qaydaları, müasir inventarlaşma metodu və təhlükəsizlik etiketlənməsi ilə bağlı məlumat verilib.

 

Elektron xidmətlər şöbəsində kitabxana işinin digər bir istiqaməti olan xarici verilənlər bazalarının iş prinsipləri nümayiş olunub. Burada beynəlxalq verilənlər bazalarının universitet profilinə uyğun dəyərələndirilməsi, danışıqların həyata keçirilməsi, sınaq bazalarının əldə olunması haqqında fikirlər dinlənilib.