Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-12 11:54:00
Ulu öndər Heydər Əliyevin təhsil yolu  – Anım günü  

Dekabrın 12-si xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anım günüdür. Heydər Əliyevin rəhbər fəaliyyətinin bütün dövrlərinə nəzər salsaq görərik ki, onun həyatı məktəblə, təhsil sistemi ilə sıx bağlı olmuşdur. 

 

AzEdu.az Heydər Əliyev və təhsil yolunu təqdim edir:

Heydər Əliyev barəsində söz demək,  xüsusilə milli təhsilimiz  haqqında, onun inkişafı haqqında fikir  demək həm şərəfli, fərəhli, həm də  çox məsuliyyətlidir. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər təyin ediləndə Azərbaycan həm iqtisadi, həm də mədəni tənəzzül dövrünü yaşayırdı. Heydər Əliyevin böyük təşkilatçılıq qabiliyyəti, zəngin təcrübəsi və qeyri-adi qətiyyəti fəaliyyəti nəticəsində cəmiyyət həyatının bütün sahələrində inkişaf dövrü başlandı. Ulu öndər millətin gələcəyinin elm və təhsillə bağlı olduğunu bilərək, respublikaya rəhbər təyin olunan ilk gündən bu sahənin inkişafını vacib məsələ kimi ön plana çəkdi. Çünki Heydər Əliyevin elm və təhsil sahəsində apardığı islahatlar elə bir mərhələyə təsadüf edirdi ki, bu dövrdə Azərbaycanda milli pedaqoji kadrlar azlıq təşkil edirdi.

 

 

Heydər Əlirza oğlu Əliyev 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar təhsili yarımçıq qalıb.

 

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.1 957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

 

Heydər Əliyev1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

 

Azərbaycan təhsilinin milli tariximizdə coşğun yüksəlişi, əsl intibah illəri kimi daxil olan ilk mərhələsi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir.

 

Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi.

 

Dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən Heydər Əliyev elm-təhsil sahəsinə xüsusi diqqət göstərirdi. Ümummilli lider Heydər Əliyev hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.

 

Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alaraq, yüksək dəyərləndirib. Dahi rəhbər deyirdi: “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”.

 

Təhsilimizin bu günü və sabahı Heydər Əliyevin adı bağlıdır. Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” ideyası məhz bu günümüz və sabahımıza yönəlmişdir.

 

Ulu öndərin təşəbbüsü ilə 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, 1973-cü ildə “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qəbul olunan qərarlar təhsilin inkişafına və maddi-texniki bazanın möhkəmləndirilməsinə güclü təkan vermişdir. Məhz bu qərarlara uyğun olaraq Azərbaycanın müxtəlif bölgələrində 800- dən artıq məktəb tikilib istifadəyə verilmişdir. 1981-ci ilin statistikasına görə, keçmiş SSRİ-nin ən qabaqcıl ali məktəblərində 244 ixtisas üzrə 3600 azərbaycanlı gənc təhsil alırdı.

 

İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.

 

Ulu Öndər Heydər Əliyev  təhsilin inkişafı üçün  bir sıra mühüm sərəncamlar imzalandı: “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında”; “Dövlət dilinin təkmilləşdirilməsi haqqında”; “Azərbaycan Əlifbası və Azərbaycan dili Gününün təsis edilməsi haqqında” ; “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında”; “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” ; “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqramın (2003-2007-ci illər)” təsdiq olunması barədə”; “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə”. Bu fərman və sərəncamlar təhsil sahəsində islahatların sürətlənməsinə və inkişafına güclü təkan vermişdir.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları