Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-22 10:03:00
MDU kollektivi “Azərbaycan İES” MMC-yə ekskursiya edib

 

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə bu ali təhsil müəssisəsinin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları “Azərbaycan İES” MMC-də ekskursiyada olublar.

 

MDU-dan AzEdu.az-a  bildiriblər ki, ekskursiya zamanı universitetin kollektivi İES-in istehsalat sahəsi, kimya sexi və laboratoriyası ilə yaxından tanış olub, laboratoriya şəraitində tullantı suların təmizlənməsi üsulları barədə praktiki olaraq məlumatlandırılıb.

 

Sonra ekskursiya çərçivəsində dəyirmi masa keçirilib. Fizika və ekologiya kafedrasının dosenti Pərvanə Səfərova “İstilik elektrik stansiyalarının tullantı sularının təmizlənməsi üsulları”, ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan magistrant Aysel Bayramova isə “İstilik elektrik stansiyalarının ətraf mühitə təsiri” mövzularında məruzələrlə çıxış ediblər.

 

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

 

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verilir. Bu məqsədlə tərəfdaş sənaye müəssisələrinə ekskursiyaların təşkili diqqət mərkəzində saxlanılır.