Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-14 15:34:00
İranda dini təhsil, yoxsa Azərbaycana qarşı təbliğat kompaniyası?-"Diqqətli olmaq lazımdır"

 

“İranda təhsil alan vətəndaşlarımız arasında Azərbaycana qarşı çıxmaq, ölkəmizdə dini əsaslı dövlət qurmaq və s. bu kimi istiqamətlərdə təbliğat aparılır”.

 

Azərbaycanda İranın daha bir şəbəkəsi ifşa edilib. Saxlanılan şəxslərdən birinin vaxtı ilə İranda dini təhsil aldığı bildirilir.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov da jurnalistlərə açıqlamasında xaricdə dini təhsilin özünü doğrultmadığını, vətəndaşlarımıza yad dini iddeologiyanın təsir etdiyini qeyd edib. Beləliklə, zaman-zaman vətəndaşlarımızın İrana dini təhsil alması üçün yollanması ilə bağlı narahatlıqlar yenidən səsləndirilməyə başladı.

 

Bəs sizcə İranda dini təhsil Azərbaycan vətəndaşları üçün nə dərəcədə doğru və arzuolunandır? Bunun nə kimi mənfi nəticələrilə üzləşə bilərik?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bu ölkəyə dini təhsil almaq üçün yollanan azərbaycanlılar arasında aparılan təbliğatlara diqqət çəkib:

 

“Son hadisələr də göstərdi ki, İranda dini təhsil alan Azərbaycan vətəndaşları əsasən, ölkəmiz əleyhinə təbliğata məruz qalırlar. Yəni orada təhsil alan vətəndaşlarımıza Azərbaycana qarşı çıxmaq, ölkəmizdə dini əsaslı dövlət qurmaq və s. bu kimi istiqamətlərdə təbliğat aparılır. İranda təhsil alan tələbələrin hazırda əsas məqsədi ölkəmizdə bu ölkənin təbliğatını aparan, dini ideologiyasını yayan şəbəkəsinin formalaşdırılmasıdır. Uzun illərdir İranda təhsil alan tələbələrin mütləq əksəriyyətinin zərərli ideologiyanın təsirinə məruz qaldığını müşahidə edirik. Çox az sayda nümunə var ki, onlarda bu məsələ əksinədir. Amma mütləq əksəriyyət təhsil müddətində bu ölkənin ciddi ideoloji təsirinə məruz qalır. Zaman-zaman bu ölkədə 500 və daha çox Azərbaycan vətəndaşı təhsil alıb. Onlardan qeyd etdiyimiz məqsədlərlə istifadə nəzərdə tutulur”.

 

Ceyhun Məmmədov: Ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və  qayğı var - AZƏRTAC

 

Deputat Azərbaycan vətəndaşlarının İranda dini təhsil almasının fəsadlarına diqqət çəkib:

 

“İranın əslində böyük hədəf və məqsədləri var idi ki, Azərbaycan bunun qarşısını müvafiq istintaq və həbs tədbirlərilə almış oldu. Bu ölkədə vətəndaşlarımızın dini təhsil almasının daha ciddi fəsadlara səbəb olacağı ehtimal edilir. Mən dəfələrlə İranda təhsilin əleyhinə çıxmış, bunun zərərlərilə bağlı fikirlərimi bildirmişəm. Ona görə hesab edirəm ki, vətəndaşlarımız bu kimi məsələlərdə diqqətli olmalıdırlar. Bu təbliğatda əsas məqsəd İranın ideologiyasını ölkəmizdə yaymaqdır. Elə buna görə hazırda dövlət qurumları qeyd edilən istiqamətdə çalışırlar, artıq bir neçə qruplaşma da ifşa edilib. Ölkəmizdə aktiv şəkildə İrana casusluq edən şəxslərin zərərsizləşdirilməsinə nail olunacağını düşünürəm. Lazımı addımlar zamanında atılmasaydı, burada daha böyük niyyət və hədəflərinin olduğunu görə bilərdik”.

 

“Azərbaycan hazırkı dövrdə bu prosesləri operativ şəkildə tənzimləməyə müvəffəq oldu. Hesab edirəm ki, gələcəkdə də bu istiqamətdə səylərimiz artırılmalıdır”-deyə, o bildirib.