Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-10 10:17:00
Qusarlı məktəblilər erkən nikahın fəsadları haqqında maarifləndiriliblər

Qusarda məktəblilər “Gəncliyimizi narkomaniyadan qoruyaq”, “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndiriliblər.

 

AzEdu.az xəbər verir ki,Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Azərtac-ın bölgə müxbirinə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun 6 saylı tam orta məktəbində keçirilən tədbirdə polis əməkdaşları, rayon mərkəzi xəstəxanasının və icra hakimiyyətinin nümayəndələri, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.

 

“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Hidayət Babayev narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkomaniyanın cəmiyyətin problemi olduğunu qeyd edib. O, son aylarda Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb.

 

H.Babayev gənclərə daim diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacibliyini bildirib.RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edilib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməlidir.

 

RPŞ-nin digər əməkdaşı, polis mayoru Əmin İsmayılov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

 

Yekunda mövzu ətrafında məktəblilərin sualları cavablandırılıb.

 

Azərtac