Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-05 13:44:00
Sertifikasiyadan keçən müəllimlərə nə zaman sertifikat veriləcək?-CAVAB

 

Cari ilin 30 avqust - 1 sentyabr və 13 sentyabr tarixlərində sertifikatlaşdırmanın test mərhələsi, 12-19 sentyabr tarixlərində isə müsahibə mərhələsi keçirilib.

 

Test mərhələsində iştirak edən 11 133 nəfərdən 8 766-sı müəyyənləşdirilmiş keçid balını toplayıb. Müsahibə mərhələsində isə 8707 nəfər təhsilverən iştirak edib və onlardan 8676 nəfəri uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.

 

Bəs prosesdən uğurla keçən müəllimlərə sertifikatlar nə zaman təqdim olunacaq?

 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, ilkin mərhələdə 12 sentyabr tarixində müsahibədən keçən müəllimlərə sertifikatlar verilir:

 

“Hazırda Bakı şəhərində 7 saylı, Sumqayıt şəhərində 2 saylı və Gəncə şəhərində 1 saylı “ASAN xidmət” mərkəzində sertifikatlaşdırmadan keçən təhsilverənlərə sertifikatların verilməsi xidməti göstərilir. İlkin mərhələdə 12 sentyabr tarixində müsahibə mərhələsindən keçmiş təhsilverənlər bu xidmətdən yararlana biləcəklər. Digər tarixlərdə təşkil olunmuş müsahibələrdə uğur qazanan təhsilverənlər də növbəli şəkildə sertifikatlarını əldə edə bilərlər”.

 

Qeyd edək ki,  sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunub.