Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-26 12:58:00
“Sənəd üzərində qayda müəyyənləşdirmək asandır,əsas effektiv tətbiqdir”-Misir Mərdanov

 

“Şagird davranış qaydalarının tətbiqinə birbaşa bütün ölkə üzrə başlamaq düzgün olmaz. İlk olaraq müvafiq bölgədə tətbiqi və müşahidəsi həyata keçirilməlidir”

 

Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb.

 

Qaydalara əsasən, qız və oğlan şagirdlərin geyimi, məktəbə gətirmələrinə icazə verilməyən əşyalar, valideyn-məktəb  münasibətləri, şagirdlərin təltif edilməsi  kimi məsələlər tənzimlənib.

 

Təhsil ictimaiyyətində qaydaları müsbət qiymətləndirənlərlərlə yanaşı, irad bildirlən də oldu.

 

Bəs bu qaydalar məktəblərdəki neqativ halların qarşısının alınmasında, valideyn-şagird-məktəb münasibətlərinin tənzimlənməsində nə dərəcədə effektiv ola bilər?

 

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, izika-riyaziyyat elmləri doktoru, professor  Misir Mərdanov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında  qaydaların ilk olaraq müvafiq bölgə üzrə tətbiq edilməli olduğunu bildirib:

 

“Yeni qaydaların məktəblərdə intizam məsələlərinin tənzimlənməsində nə dərəcədə effektiv olacağını öncədən təxmin etmək çətindir. Sənəd üzərində qaydaları müəyyən etmək asandır, əsas məsələ onun  uğurla həyata keçirilməsidir. Düşünürəm ki, qaydaların tətbiqinə birbaşa  bütün ölkə üzrə başlanılmamalıdır. İlk olaraq  hər hansı bir bölgədə müvafiq müddətə həyata keçirilməli, effektivliyi yoxlanılmalıdır. Nəticənin necə olacağı, tətbiq zamanı hansı problemlərin yarana biləcəyi beləliklə öncədən nəzərə alınmış olar”.

 

Rəhbər elmdən başı çıxan şəxs olmalıdır” - Misir Mərdanov

 

M.Mərdanov  bildirib ki, şagirdlərlə yanaşı, məktəb rəhbərliyi və müəllimlərin də fəaliyyətinin tənzimlənməsi vacibdir:

 

“Məktəblinin də, müəllimin də, rəhbərliyin də təhsil müəssisəsində müəyyən qaydalar çərçivəsində hərəkətinin tənzimlənməsi vacibdir. Direktora, müəllimə kənardan baxan hər kəs onları nümunə kimi görməlidirlər. Onların geyimi, nitqi, bütün hərəkətləri  elə olmalıdır ki, şagird və valideyn onlara etibar etsin, hörmət göstərsin. Əsl müəllim biliyi, bacarığı, davranışları ilə nümunə olmalıdır”.

 

Professor şagirdin məktəbdən kənarlaşdırılmasının problemin həlli üçün doğru qərar olmadığını bildirib:

 

“Bu yaxınlarda bir valideyn mənə yazaraq övladının məktəbdən qovulduğunu bildirmişdi. Mən ona Elm və Təhsil Nazirliyinə müraciət etməyi məsləhət gördüm. Şagirdi məktəbdən qovmaq problemin həlli demək deyil. Əvvəllər çətin tərbiyə olunan uşaqlar üçün xüsusi məktəblər vardı. Sonralar isə inkluziv təhsil  meydana çıxdı. Hər hansı səbəblə şagirdi məktəbdən kənarlaşdırmaq problemin həlli olmaq əvəzinə, problem yaratmaqdır. Valideyn də, müəllim də, məktəb də uşaqların yaxşı yetişməsinə çalışmalıdırlar”.

 

“Həmçinin geyim, xarici görünüşlə bağlı qaydaların tətbiqini də dəstəkləyirəm. Vahid geyimin tətbiqilə yanaşı ümumilikdə məktəbli səliqəli və qaydasında geyinməyə diqqət etməlidir. Bu dünyanın hər yerində belədir. Məktəb kiminsə maddi vəziyyətinə görə digərlərindən fərqlənəcəyi yer deyil. Valideynin sosial vəziyyətindən asılı olmayaraq sinifdə hər kəs sadəcə şagirddir”-deyə, o bildirib.