Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 14:11:00
Şagird davranış qaydaları ilə bağlı ən absurd qadağalar-Yüksək səs, saqqız,geyim...

 

Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb.

 

Hər iki sənəd ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən edir.

 

Sənədlər 2 həftə ərzində ictimai müzakirəyə çıxarılır. Toplanmış rəy və təkliflər nəzərə alınaraq sənədlərin son versiyası hazırlanacaq, gələn ildən etibarən isə tətbiqinə start veriləcək.

 

AzEdu.az xəbər verir ki, qaydalarda  şagirdlərin məktəbdə davranış, geyim normaları,məktəbə gətirilməsi qadağan edilən əşyalar və bir sıra məsələlər qeyd edilib.

 

Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əsasən, şagirdlər davamiyyətlə əlaqədar aşağıdakı qaydalara riayət etməlidirlər:

 

  • ümumi təhsil müəssisəsinə müəyyən olunmuş vaxtda gəlməli və dərs gününün sonuna tərk etməməli;

 

  • hər bir fənn üzrə dərslərin 96%-dən çoxunda iştirak etməli (üzrlü səbəblər istisna olmaqla);

 

  • hər bir dərs zəngindən öncə sinif otağında olmalı;

 

  • təlim prosesi zamanı müəllimin icazəsi olmadan tədris məkanını tərk etməməli;

 

  • buraxılmış dərs saatları/günləri üçün valideyn/qanuni nümayəndə tərəfindən yazılmış izahat və ya tibbi arayışı məktəbə qayıtdığı ilk gün təqdim etməli 1;

 

  • buraxılacaq dərs saatları/günləri ilə bağlı icazə almaq üçün valideyn/qanuni nümayəndə tərəfindən yazılmış icazəni öncədən (dərs günü ərzində şagirdin səhhətində problemlərin yarandığı və bu səbəbdən dərsdə iştirak edə bilmədiyi hallar istisna olmaqla) təqdim etməlidirlər.

 

Şagirdlər ümumi təhsil müəssisəsinə vaxtında gəlməlidirlər. Əgər şagird dərs zəngindən sonra sinif otağına daxil olursa, ümumi təhsil müəssisəsinin gecikmə ilə bağlı prosedurlarına əməl etməli, sakit şəkildə sinfə daxil olmalı və digər şagirdlərin öyrənmə hüququna hörmət edərək təlim prosesinə mane olmamalıdır.

 

Şagirdlərin geyimi ilə bağlı aşağıdakı tələblər müəyyən edilib:

 

  • şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli, dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməlidir(məktəbli forması, ayaqqabı və s.);

 

  • geyim səliqəli və təmiz olmalı, uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.

 
Qaydalara əsasən, şagirdə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal saxlamaq qadağandır.

 

Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsində şagirdlər aşağıdakı qaydalara uyğun hərəkət etməlidirlər:

 

  • dərslərə vaxtında gəlməli;

 

  • dərslik, dərs vəsaitləri və digər zəruri ləvazimatları gətirməli;

 

  • məktəb daxilində yüksək səslə danışmamalı;

 

  • cinsindən, irqindən, dinindən, dilindən, etnik mənsubiyyətindən və şəxsi xüsusiyyətlərindən asılı olmayaraq şagird yoldaşlarına və böyüklərə hörmət etməli;

 

  • başqalarının “şəxsi zonasına” hörmət etməli, digər şagird və ya böyüklərin fiziki və ya mənəvi təhlükəsizliyi üçün narahatlığa səbəb olacaq davranışlara yol verməməli;

 

  • dərs öyrənməni dəstəkləmək üçün aktiv dinləməli, müəllim sinfə müraciət edərkən danışmaq üçün əlini qaldırmalı, səs tonu və bədən dilinə diqqət etməli;

 

  • müəllimin təlimatlarına əməl etməli və səylə çalışmalı; tənəffüs zəngi vurulduğu halda belə tədris məkanını yalnız müəllimin icazəsi ilə tərk etməli;

 

  • tələb olunan ev tapşırığını yerinə yetirməli;

 

  • dürüst olmalı və qeyri-etik və ya uyğun olmayan davranışı düzəltməli və lazım gəldikdə üzr istəməlidirlər.

 

Qeyri-etik və təhqiramiz ifadələr, fiziki zorakılıq və ya dava-dalaş, qısnama (verbal, fiziki, cinsi, sosial və/və ya kiber) və digər antisosial davranış formaları yolverilməzdir və hüquqi məsuliyyət yarada bilər.

 

Aşağıdakı əşyaları ümumi təhsil müəssisəsinə gətirmək qadağandır:

 

  • kəsici və deşici alətlər
  • təhlükəli, zəhərli və ya tez alışan maddələr
  • kibrit və alışqanlar
  • siqaret (elektron siqaret), saqqız, spirtli içkilər
  • təsbeh və zinət əşyaları kimi aksesuarlar
  • qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr.

 

Həmçinin, şagirdlər ağıllı saat və telefonlar, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidirlər.

 

Məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyır. Maddi ziyanın ödənilməsi qanuna əsasən müəyyənləşdirilir.

 

Yeni qaydalara əsasən 3-dən artıq  yaşıl kart alan şagird müxtəlif şəkildə təltif edilir:

 

  • 3 yaşıl kart - tərifnamə Şagirdə cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu verilibsə, onun tərifnamə alması üçün yaşıl kartlarının sayı ən azı 5 olmalıdır. Şagirdə qırmızı xəbərdarlıq məktubu verilibsə ən azı 8 yaşıl kartı olmalıdır.

 

  • 5 yaşıl kart - təşəkkürnamə Şagirdə cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu verilibsə onun təşəkkürnamə alması üçün yaşıl kartların sayı ən azı 8 olmalıdır. Şagirdin cari yarımildə qırmızı xəbərdarlıq məktubu varsa, ona təşəkkürnamə verilə bilməz.

 

  • 8 yaşıl kart - fəxri fərman Şagirdə cari yarımil ərzində narıncı və ya qırmızı xəbərdarlıq məktubu verilibsə, ona fəxri fərman verilə bilməz. Şagirdin təltifnamələri onun şəxsi işinə əlavə edilir.

 

Məktəb yuxarıda qeyd olunanlardan əlavə rəğbətləndirmə tədbirləri tətbiq edə, müəyyən hallarda şagirdi birbaşa olaraq fəxri fərmanla təltif edə bilər. Yerli və beynəlxalq olimpiadalarda, müsabiqələrdə yüksək nəticə göstərən şagirdlər və s)

 

Şagirdin yaşıl kartı aşağıdakı hallarda ləğv olunur:

 

  • sarı xəbərdarlıq məktubu alarsa, 1 yaşıl kartı;
  • narıncı xəbərdarlıq məktubu alarsa, 2 yaşıl kartı;
  • qırmızı xəbərdarlıq məktubu alarsa, 2 yaşıl kartı ləğv olunur.

 

 

Qeyd edək ki, sənədlərlə bağlı rəy və təkliflərinizi [email protected]  elektron poçt ünvanına göndərə bilərsiniz.