Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 09:27:00
“Media özünə “ekspert” deyən populistlərə yer verir, təhsil bilicilərinə isə yox”-Şura sədrindən qınaq 

 

 

Təhsil sistemində mövcud olan həlli vacib problemlərlə yanaşı, bu məsələlərin mediada işıqlandırılması da cəmiyyətdə müzakirələrə səbəb olur.

 

Zaman-zaman sahənin mütəxəssisləri, təhsil işçiləri, şagirdlər, valideynlər,hətta bir sıra mətbuat nümayəndələri belə bu sahədə baş verən hadisələrin, şikayətlərin işıqlandırılmasında səhvlərə yol verildiyini qeyd edir və narazılıqlarını bildirirlər.  Bəzən informasiyanın yayımlanmasında yol verilən ən kiçik xəta ciddi müzakirələrə səbəb olur, bu sahəni işləyən jurnalistlərin fəaliyyəti tənqid edilir.

 

Bəs ölkəmizdə təhsillə bağlı problemlərin işıqlandırılmasında ən çox hansı səhvlərə yol verilir? Təhsil ictimaiyyətinin nümayəndələri bu səhvlərin səbəblərini nədə görürlər?

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında tənqidin zəruriliyini qeyd edərək, son hadisələrin mətbuatda işıqlandırılmasında yol verilən səhvlərdən danışıb:

 

“Media vasitələrinin təhsil sahəsinə diqqətlə yanaşması çox müsbətdir. Sözsüz ki, tənqid olmayan yerə inkişafdan söhbət gedə bilməz. Müəyyən tənqidlərin olması da normaldır. Amma bu zaman qaydalara nə dərəcədə əməl olunması sual doğurur. Məsələn, bir media qurumu uşaqlarla bağlı zorakılıq faktı haqqında informasiya paylaşan zaman azyaşlıların fotosunu açıq şəkildə yayımlayırsa, onlar haqqında detallı məlumat verirsə, müzakirə olunan məsələdə bütün tərəflərin mövqeyi öyrənilmirsə, informasiya daha çox sosial şəbəkələrdə yayılan xəbərlər üzərində qurulursa, araşdırmaya əsaslanmırsa, təbii olaraq burada suallar meydana çıxır”.

 

Şura sədri problemlərin işıqlandırılmasında medianın marağının başadüşülən olduğunu bildirib:

 

 

“Elm və Təhsil Nazirliyi onlarla faydalı layihələr həyata keçirilir. Nümunə olaraq sertifikasiyanı görürək, bu vasitə ilə ibtidai sinif müəllimlərinin bilik və bacarıqları ölçülür. Bir müəllim özünə güvənirsə, niyə prosesdən çəkinib, etiraz etsin ki? Biz isə mətbuatda ümumi fikirlərin işıqlandırılıdığını görürük, statistik, real situasiya ilə bağlı məlumatları deyil. Yaxud da hər hansı populist, özünə təhsil eksperti deyən şəxsin fikirlərinə yer verilir, ömrünü bu sahəyə həsr edən, sistemi dərindən bilən insanlara isə yox. Mətbuat əsasən çox diqqət cəlb edəcək, oxunma gətirəcək informasiya istəyir, burada da cəlbedici başlıqların rolunun vacibliyi başa düşüləndir. Amma anlamaq lazımdır ki, təhsil sahəsi həssasdır, böyük kütləni əhatə edir. Hansısa yanlış məlumat ciddi təhlükəyə səbəb ola bilər. Həmçinin hadisənin iştirakçısı olan insanların ünvanlılığının bildirilməsi özünün kölgəsində digər problemlər doğura bilər”.

 

O, təhsil aldığı dövrdə rastlaşdığı neqativ hallardan söz açıb:

 

“Mən 1990-cı illərdə təhsil almışam və o illərdəki situasiyanı çox gözəl bilirəm. Mən hüquq fakultəsində təhsil alanda tələbələr imtahan biletinin arasında bəzi müəllimlərə pul verib qiymət alırdılar. Hətta bunu çəkinmədən, utanmadan təşkil edirdilər, amma təbii ki, hamıya şamil olunmur. Bununla yanaşı heç dərsə gəlməyən, dərs oxumayan tələbələr vardı, sonda onların hamısı çox yaxşı qiymətlərlə diplom aldılar. Məsələ bundan ibarətdir ki, neqativ hal varsa və bu  hansısa konseptual,məzmuna əsaslanırsa, işıqlandırılsın, biz də müzakirəyə çıxaraq. Yox əgər məsələ orta səviyyədə qalacaqsa, biz problemin həllinə nail ola bilməyəcəyik”.

 

“Düşünürəm ki, elm və təhsildə innovativ, müsbət, gələcəyə yönəlik bir hərəkətlənmə var. Bu da köhnə qaydalara uyan, korrupsiya və rüşvətə yol açan bir qrupu narahat edir. Buna mane olmaq istəyən qüvvələr var və onlar da mediadan istifadə edirlər”-deyə, o bildirib.