Təhsil İnstitutunun təşkilatçılığı və “Azercell Telekom” MMC-nin dəstəyi ilə Azərbaycan məktəbliləri ilk dəfə “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edəcəklər.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, oktyabrın 16-dan 23-dək Türkiyənin Antalya şəhərində keçiriləcək beynəlxalq müsabiqədə ölkəmiz dörd məktəbli qızdan ibarət komanda ilə təmsil olunacaq.

 

Komandada Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Nəzrin Qasımova (9-cu sinif) və Fidan Qarayeva (11-ci sinif), Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Fidan Hüseynova (11-ci sinif) və Leyla Hacızadə (9-cu sinif) təmsil olunurlar. Məktəblilər informatika üzrə respublika fənn olimpiadalarının finalçıları arasından seçiliblər. Yarışmada komanda üzvlərini iki təlimçi müşayiət edəcək.

 

Proqramlaşdırma üzrə yeni yarışma olan “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadası ilk dəfə ötən ilin iyununda İsveçrə tərəfindən keçirilib. Beynəlxalq İnformatika Olimpiadasına oxşar qaydalar əsasında təşkil olunan bu yarışmanın gənc xanım iştirakçıları təqdim olunan tapşırıqları effektiv alqoritmlər hazırlayaraq həll etməlidirlər. Bu olimpiadanın məqsədi həm informatika fənninə qarşı qızların marağının artırılması, həm də informasiya texnologiyaları sahəsinə xanımların cəlb olunaraq onların gələcək mütəxəssis kimi yetişdirilməsidir. Bu baxımdan təşkilatçılar əməkdaşlığa olduqca yüksək qiymət verir, informasiya texnologiyaları üzrə biliklərinin gücləndirilməsinin mühüm olduğunu vurğulayır.