Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-14 15:33:00
“Bu, valideynlərə qarşı ədətsizlikdir”- Pedaqoqdan məktəbli formasına ETİRAZ

 

 

“Bu,  valideynlərə qarşı haqsızlıqdır. Müəyyən şəxslərin maraqlarına görə valideynlər məsələdən narazı qalırlar”.

 

Yeni tədris ilinə bir sıra problemlər fonunda start verilir. Məktəblərin açılmasına az müddət qalmasına baxmayaraq, şagirdlərin məktəbli formasına əlçatanlığı ilə bağlı problemləri daha ciddi hal alır.

 

Xüsusilə formaların satışının sadəcə Bakı Tikiş Evi və “Bravo” supermarketlər şəbəkəsində həyata keçirilməsi valideynləri bir sıra problemlərlə qarşı-qarşıya qoyur.

 

Məktəbli formalarının istehsalı və satışı necə həyata keçirilməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva prosesin bir müəssisəyə həvalə edilməsinin doğru olmadığını söyləyib:

 

“Bunun sadəcə bir adı var, monopoliya. Nazirlik də rəsmi olaraq bildirdi ki, direktorlar şagirdləri məktəbə yeni formalarda gəlməyə məcbur edə bilməz. Formaların istehsalının sadəcə bir müəssisəyə həvalə edilməsi düzgün deyil. Bu qədər məktəbli formasını hazırlamaq, satışını həyata keçirmək fiziki və texniki olaraq Bakı Tikiş Evinin gücü xaricindədir. Buna görə də prosesi monopoliyalaşdırmaq əvəzinə müəyyən edilən vahid məktəbli formaları ilə bağlı tender elan olunmasının daha doğru olduğunu düşünürəm. Yaxud lisenziyası olan, işin öhdəsindən gələ biləcək sahibkarlara öz məhsullarını təqdim etmək üçün də şərait yaradıla bilərdi. Məsələn, məktəbli formalarının istehsalı və satışı yoxlamadan keçirilən 10-15 müəssisəyə həvaləsi daha məqsədəuyğun olar. Çünki Azərbaycanda bu işlə məşğul olan kifayət qədər müəssisələr var. Elə müəssisələrimiz var ki, onların təqdim etdiyi məhsul heç də xaricdən gətirilənlərdən geri qalmır”.

 

Pedaqoq formaların qiymətlərinin valideynlərə uyğun olmasının vacibliyini vurğulayaraq, onlara haqsızlıq olduğunu qeyd edib:

 

“Hazırda müşahidə edilən vəziyyət xoşagələn deyil. Həmçinin qiymətlərin də valideynlərin büdcəsinə uyğun olması baxımından rəqabət mühitinin formalaşdırılması zəruridir. Amma hazırki vəziyyətdə nə bazar qiymətləri, nə də rəqabət mühitinin formalaşması mümkün deyil. Bu da valideynlərə qarşı ədalətsizlikdir. Məsələ ilə bağlı vəziyyəti həm valideynə, həm sahibkara, həm də ümumilikdə cəmiyyətə uyğunlaşdırmaq üçün ortaq məxrəcə gəlinməlidir. Hər bir halda hazırkı vəziyyətə monopoliyadan başqa heç cür ad vermək olmaz. Müəyyən şəxslərin maraqları üçün valideynlər narazı qalırlar”.

 

“Əgər demokratik ölkənin bazar iqtisadiyyatının inkişafından söhbət gedirsə, bu kimi nöqsanlara yol verilməməlidir”-deyə, o bildirib.