Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-08 16:53:00
Özümüzü aldatmamalıyıq, müəllimlərin keyfiyyətində  problemlər çoxdur -Sertifikasiya müzakirələri 
“Başqa biri şagirdlərlə velosiped sürür və bunu fərqli metod hesab edir. Digərləri də bu hərəkətləri təqlid etməyə başlayırlar”
 
“Xarici müəllimləri yamsılamağa çalışırlar”
 
 
"Bu gün ibtidai təhsil kontingentində həddindən artıq pedaqoji hazırlığı, intellektual səviyyəsi zəif olan müəllimlər var".
"Sherg.az" xəbər verir ki, bu sözləri AzEdu.az Təhsil Portalının baş redaktoru Elmin Nuri deyib. Onun sözlərinə görə, məsələnin kökünü kollecə bağlamaq da düzgün sayılmaz:
 
"Ötən gün saytımızda bir müsahibə yayımlanıb. İbtidai müəllimlərin sertifikasiyasında ölkə üzrə rekord nəticəni göstərənlərdən biri Qusar rayonunun kənd müəllimi Səidə xanım idi. 
 
O, kollec məzunudur, amma maksimum bal toplayıb. Lakin bu hal istisnadır. Əminliklə demək olar ki, zəif nəticə göstərənlərin əksəriyyəti kolleclərdə təhsil alan müəllimlərdir. Amma bu, universiteti bitirən ibtidai sinif müəllimlərinin də sayının az olduğu anlamına gəlmir. 
 
Bu gün ali təhsil ocaqlarımız da ibtidai təhsil vermək baxımından xeyli yadırğayırlar. Yaxşıların haqqına girməyək. Tanıdığımız sinif müəllimləri var ki, Amerikadan, İsraildən, başda Sinqapur olmaqla Uzaq Şərq ölkələrindən, Avropadan xüsusi proqramlar öyrənirlər. Həmin layihələrdən sertifikatlarını alırlar. 
 
Öyrəndiklərini Azərbaycan təhsilində tətbiq edirlər. Amma istisnalara baxıb, özümüzü aldatmamalıyıq. Reallıqla barışmalıyıq. İbtidai sinif müəllimlərimizin əksəriyyəti istər pedaqoji, istərsə də metodiki cəhətdən hələ ki axsayırlar. Müəllimlər arasında maraqlı bir tendensiya yaranır. Hər biri sanki bloqerlik sevdasına tutulublar. Xarici müəllimləri yamsılamağa çalışırlar. 
 
Biri saçını darayıb, videoya çəkir, başqa biri şagirdlərlə velosiped sürür və bunu fərqli metod hesab edir. Digərləri də bu hərəkətləri təqlid etməyə başlayırlar. Sosial şəbəkələrdə də həmin müəllimlər qəhrəman kimi qələmə verilir. 
 
Başqa ibtidai sinif müəllimləri də özlərini intellektual, pedaqoji baxımdan yetişdirmək, inkişaf etdirmək əvəzinə eyni davranışları təkrarlayırlar. Zəif nəticə əldə edənlərin səbəbinin həmin müəllimlər olduğunu demək doğru deyil. Sadəcə pedaqoji heyət lazım olan məsələlərin arxasınca getmir".
 
Qeyd edək ki, 469 müəllim sertifikasiyada "anbar", "şənbə" və "pambıq" sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını tapa bilməyib. Bu, sertifikasiyada iştirak edənlərin 18 faizini təşkil edir. Bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransındakı çıxışında deyib.