Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-08 09:13:00
Beynəlxalq Savadlılıq Günüdür

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.

 

AzEdu.az xəbər verir ki, UNESCO-nun saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Savadlılıq Günü savad əldə etmə məkanlarının transformasiyası devizi altında qeyd olunur.

 

UNESCO-nun Baş direktoru Odre Azule Beynəlxalq Savadlılıq Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunur ki, bu əlamətdar gün müasir dövrdə insanın fundamental hüququ kimi savadlılığın əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaq üçün yaxşı imkan yaradır. Əgər 1979-cu ildə insanların yalnız 68 faizi yazıb-oxumağı bacarırdısa, 2020-ci ildə bu göstərici 86,7 faizə çatıb. Nəzərəçarpan irəliləyişə baxmayaraq, dünyada 771 milyon gənc və yaşlı insan hələ də baza savadına malik deyil. Onların 60 faizi qızlar və qadınlardır.

 

COVID-19 pandemiyası ilə bağlı məktəblərin bağlanması və qeyri-sabit vəziyyət də təhsilalanların biliklərinin unudulmasına və məktəbdən uzaqlaşmasına səbəb olub. Bu, əhalinin həssas qrupundan olan insanlar üçün xüsusən aktualdır. UNESCO və ona üzv dövlətlər son onilliklərdə əldə edilmiş nailiyyətləri möhkəmləndirmək üçün ikiqat səy gösrərirlər.

 

Müraciətin tam mətni UNESCO-nun saytında yerləşdirilib.

 

Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Müvafiq dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. Həmçinin son illər ölkəmizdə müasir standartlara cavab verən modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, təhsil işçilərinin sosial rifahı yaxşılaşdırılır. Azərbaycanda təhsilə ən yüksək səviyyədə göstərilən qayğı, bu sahədə həyata keçirilən hər bir islahat xalqın xoşbəxt gələcəyinə hesablanıb.