Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-06 13:46:00
Sabiq rektorun təhsili və elmi fəaliyyəti-İbrahim Cəfərovun dosyesi

 

Prezident İlham Əliyevin Sərəncamı ilə İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib.

 

AzEdu.az səmimiliyi ilə seçilən və tələbələrin ən sevimli rektorlarından hesab olunan İbrahim Cəfərovun təhsili və elmi fəaliyyəti haqqında maraqlı məqamları təqdim edir.

 

İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub.

 

1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980–1985-ci illərdə həmin institutda tələbə olub, "Bitki mühafizəsi" fakültəsini bitirib. 1985–1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası "Fitopatologiya" kafedrasının əyani aspirantı olub.

 

13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilib.

 

1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilib.

 

İbrahim Cəfərov 25 iyul 2013 tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin olunub. Bu təyinatadək ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru idi.

 

O, 3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 148-dir. Bu əsərlərdən 43-ü xaricdə, 13-ü Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap edilmişdir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 2-dir.

 

2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitunun nəzdində fəaliyyət göstərən FD 04.012 Müdafiə Şurasının həmsədri və sədr müavinidir.

 

2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 fevral 2015-ci il tarixli 46 nömrəli əmri ilə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.04.131 dissertasiya şurasının sədridir.

 

Bununla yanaşı o, 2016-cı ildən Qazaxstan Milli Aqrar Universitetinin fəxri professorudur.

 

Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

 

Onu da qeyd edək ki, İbrahim Cəfərovun rektor olduğu müddətdə ADAU-nun inkişafı ilə bağlı bir çox vacib işlər görülüb.