Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-05 13:10:00
Reabilitasiya mərkəzlərindəki özbaşınalıqlar - Bir aylıq kursdan sonra loqoped işləyənlər

Sentyabrın 2-də Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün “Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb. Fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Bu kimi hallar valideynlərin reabilitasiya mərkəzlərinə olan inamını azaldıb. Baş verən hadisədən sonra valideynlər övladları üçün narahatlıq keçirir, onları reabilitasiya mərkəzlərinə yollamağa razılıq vermirlər.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan loqoped Lalə İmanova deyib ki, şiddət və zorakılıq halları yalnız reabilitasiya mərkəzlərində deyil, özəl bağçalarda da qeydə alınır: "Lakin özəl reabilitasiya mərkəzləri və bağçalarda bu kimi hallara çox rast gəlinir. Dövlət müəssisələrində isə əksinə, zorakılıq halları geniş yayılmayıb. Düşünürəm ki, belə xoşagəlməz hallara səbəb özəl mərkəzlərdə idarəçilik sisteminin dövlət tərəfindən tənzimlənməməsidir. Müasir dövrdə hər kər bir yer açıb ad verir, sonra reabilitasiya mərkəzi adı altında cəmiyyətə təqdim edir. Şiddət olayları yalnız reabilitasiya mərkəzlərində deyil, özəl bağçalarda da yaşanır. Dövlət bunun qarşısını almaq üçün özəl bağça və reabilitasiya mərkəzlərinə nəzarəti təmin etməlidir”.

 

Loqoped zorakılıq və şiddət olaylarının qarşısını almaq üçün bir sıra tədbirlərin görülməsinə ehtiyac olduğunu qeyd edib: 

 

“Hər yerdə kameralar təhciz edilməlidir. Hətta dəhlizlərdə belə müşahidə kameralarının quraşdırılması vacibdir. Ona görə də özəl reabilitasiya mərkəzləri hansısa yerə tabe olmalıdır ki, bu kimi neqativ sitüasiyaların qarşısı alınsın. Özəl reabilitasiya yerlərinin proqramları, orada çalışanların təhsil səviyyələri barədə məlumatlar  bilinmir, kadrların kimlikləri haqqında informasiyalar təqdim olunmur. Bu kimi proseslərin qarşısını almaq üçün Elm və Təhsil Nazirliyinin üzərinə ciddi məsuliyyət düşür. Kim harada, necə istədi, orada işləyir, lakin onların hansı təhsil səviyyəsinə malik olması ilə bağlı məlumatlar yoxdur”.

 

L.İmanova bildirib ki, kadrların təhsil səviyyəsinin düzgün və yerində olmaması zorakılıq hallarına yol açır: 

 

“Mən loqoped kimi fəaliyyət göstərirəm, lakin bu gün ixtisasla əlaqəsi olmayanlar da loqoped və ya psixoloq işləyir. Bu, uşaqlara qarşı müxtəlif zorakılıq hallarının yaranmasına yol açır. Onlar bir aylıq kursu bitirir, sonra özünə loqoped deyərək çalışmağa başlayır. Bu gün şiddət görüntüləri yayılan reabilitasiya mərkəzinin işçilərinə baxsaq, aydın olar ki, onların  bu sahə üzrə təhsili yoxdur. Hətta ixtisasla heç bir aidiyyatları yoxdur. Elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı qərar verməlidir. Bu mövzu uzun müddətdir ki aktualdır. Reabilitasiya mərkəzlərində çalışanların bəziləri dırnaqarası mütəxəssislərdir. Dövlət bununla bağlı zəruri olan tədbirləri həyata keçirməlidir".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları