Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-04 16:43:00
Şərqin görkəmli astronomu Əl-Biruninin doğum günüdür

Yer kürəsinin dairəvi olması və günəş ətrafında dövr etdiyini Kopernikdən 500 il əvvəl söyləmiş, şərqin görkəmli təbiiətşünası Əbu Reyhan Məhəmməd əl-Biruninin doğum günüdür.

AzEdu.az AZƏRTAC xəbər verir ki, 4 sentyabr əl-Biruninin doğum günü İranda müxtəlif tədbirlərlə qeyd olunur. Orta əsrlərin görkəmli alimi 973-cü ildə Xarəzəm şəhərində dünyaya gəlib. Uşaqlıqdan yetim qalan əl-Biruni yunan alimlərinin kitablarını diqqətlə oxuyub. O XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Yazdığı 150-dən çox əsəri günümüzdə də təhlil edilir və elmi nəticələr hasil olunur. Onun bir çox əsərləri dövrümüzə kimi gəlib çatıb və tədqiq olunub.

Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənib. Bu səyahətlər zamanı əl-Biruni türk xalqlarının yaşadıqları ərazilər, onların adət-ənənə və mərasimləri barədə ətraflı məlumatlar verib. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdiyini bildirib.

Əl-Biruni dünyanın bir çox ölkələrinin şəhərləri, o cümlədən Azərbaycanın o zaman məlum olan Bakı, Dərbənd, Bərdə, Beyləqan, Bəzz, Təbriz, Ərdəbil kimi qədim və böyük şəhərlərinin enlik və uzunluq dairələrini göstərib. Ömrünün sonuna yaxın yazdığı “Kitabül-Camahir fi Marifetil-Cevahir” kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında dəqiq elmi fikirlər irəli sürüb.

Əl-Biruni, cisimlərin sıxlığını təyin edən cihaz düzəldib və “Xüsusi çəki” kitabında onu təsvir edib. Onun yazdığı “Müqayisəli çəki” adlı kitabında substansiyanın müqayisəli çəkisinin onun kimyəvi xassələri ilə əlaqəsinə aydınlıq gətirib.

Alimin “Risolat əl-İksir”, “Nihayətül emakin” və digər kitablarında fizika, kimya, astronomiya haqqında dəyərli məlumatlar var. Görkəmli alim 995-ci ildə Yek kürəsinin modelini hazırlayaraq qlobus düzəldib.

Əl-Biruninin şəxsi həyatı və ölüm tarixi barədə dəqiq məlumatlar yoxdur. Bəzi mənbələrə görə alim 75 yaşında Əfqanıstanda səyahətdə olduğu vaxt vəfat edib və orada da dəfn edilib. Lakin onun məzarının yeri məlum deyil.