Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-04 15:18:00
Müəllimlik ixtisaslarının keçid balları necə qalxdı?-Dəyişən tendensiya 
Bu il ilk dəfə BDU-nun Riyaziyyat müəllimliyi ixtisası üzrə keçid balı həmin universitetin hüquq fakültəsinin keçid balından daha yüksək olub. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. Sədr bu il qəbul prosesində müəllimliyə daha çox diqqət yetirildiyini qeyd edib: "Bu yeni nəslin müəllimliyə olan marağının nə qədər yüksək olduğunu göstərir. Qəbulun nəticələri bizə bunu deməyə əsas verir ki, müəllimliyə maraq daha da artır. Müəllimlik ixtisasına qəbul olanların əksəriyyəti yüksək bal toplayanlardır. Yəni gələcək üçün savadlı müəllimlər yetişir".
 
 AzEdu.az Təhsil Portalının baş redaktoru Elmin Nuri  bu barədə “Sherg.az”a danışarkən bildirib ki, burda diqqət edilməli olduğumuz bir sıra məqam var: 
 
“Keçid ballarının müəyyənləşməsi müəyyən kriteriyalara əsaslanır. Misal üçün, BDU-nun riyaziyyat müəllimliyi ixtisası birinci hüquqşünaslıq isə üçüncü qrupdadır. Bu il birinci qrupda rəqabət üçüncü qrupdakından çox idi. Keçid ballarının  müəyyən olunması əvvəla həmin ixtisas üçün ayrılan plan yerlərindən asılıdır. Ola bilsin ki, riyaziyyat müəllimliyinə ayrılan plan yerləri hüqüqşünaslığa ayrılan plan yerlərindən daha az olub.
 
 İkinci amil rəqabət meyarıdır. İxtisas seçimində riyaziyyat müəllimliyini qeyd edən abituriyentlərin sayı üçüncü qrupda hüquqşünaslıq ixtisasını qeyd edənlərin sayından hədsiz dərəcədə çox olub. Hər il ixtisaslara keçid balları ixtisas seçimi zamanı həmin ixtisasları qeyd edən və universitetlərə qəbul olan abitiriyentlərin ümumi bal göstəricisinə görə  müəyyən olunur. Buna görə də bu il riyaziyyat müəllimliyinin keçid balı hüquq fakültəsininkini üstələdi. Bu o demək deyil ki, müəllimliyə aid olan bütün ixtisasların da keçid balları digər ixtisasların keçid ballarını üstələyəcək. Elə olsa əlbəttə ki, sevinərik”.
 
 E.Nuri diqqətə çatdırıb ki, bu və bundan öncəki illərdə müəllimlik ixtisasını seçən abituriyentlərin bal göstəriciləri daha yaxşı olub:
 
 “Ötən il Pedoqoji Universitetin ibtidai sinif müəllimliyinə 600-dən yuxarı balla daxil olanlar olub. Əgər ibtidai sinif  müəllimliyinə belə yüksək balla daxil olanlar varsa, digər kimya, biologiya, tarix adəbiyyata da yüksək balla qəbul olunanların sayı daha çox olacaq. Çünki biz həmişə ibtidai sinif müəllimliyinə ən sonuncu ümid yeri kimi baxmışıq. Sizi əmin edim ki, müəllimlik ixtisası artıq bu rolu oynamır. Hardasa yeddi-səkkiz ildir, qəbul prosesində belə tendensiya müşahidə olunmur.  İndi az bal toplayan abituriyentlər müəllimlik ixtisasını seçmək istəsələr də buna balları çatmayacaq”. 
 
Onun sözlərinə görə, müəllimlik ixtisasına maraq yaradan səbəblərdən biri də müəllimlərin işə qəbul müsabiqəsidir:
 
 “Bu müsabiqəyə qatılanların da çox cuzi bir hissəsi işlə təmin oluna bilirlər. Hazırda bizim universitetlərdə müəllimlik ixtisasına ayrılan plan yerləri əmək bazarı ilə qeyri-mütənasibdir. Bu da bir qədər problemli məsələdir”.