Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-29 14:52:00
“Qarabağ müharibəsində iştirak edənlərin çoxu Azərbaycan dilində təhsil alanlar idi”-PROFESSOR

“Vaxtı ilə şair və yazıçılar siyasi dairələrdə təmsil olunmaq üçün  övladlarını rusdilli məktəblərə qoyublar”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında professor Şahlar Əsgərov deyib.

 

Son zamanlar valideynlərin övladlarının təhsili üçün rusdilli sinifləri seçməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəzi şəxslər bu addımın yanlış olduğu və uşaqların ibtidai təhsillərini ana dilində alamlarının vacibliyini qeyd edirlər.

 

Şahlar Əsgərov da ibtidai təhsilin Azərbaycan dilində alınmasını qeyd edib:

 

“İbtidai təhsilin ana dilində olması məcburi xarakter daşımalıdır. Qanunvericilikdə qeyd olunub ki, orta təhsil Azərbaycan dilində aparılmalıdır, amma biz bunu pozuruq.

 

Bir ay bundan öndə Qazaxıstanda ibtidai təhsilin yalnız qazax dilində tədris edilməsi  qüvvəyə mindi. Ana dilində ibtidai təhsilin aparılmasının bir çox elmi əsası var. Uşaq 1-11 yaş aralığında gördüyü və eşitdiyi hadisələri yaddaşının əsas hissəsinə həkk edir. Amma bu yaş aralığını keçdikdən sonra isə yaddaş əsas forma üzərindən adiyə doğru irəliləyir. Biz öz milli kod və dəyərlərimizi  övladlarımız və onların dəmir yaddaşına yazdırmalıyıq”.

 

O, vurğulayıb ki, dil insanın milli ruhuna tərsir edən amillərdən biridir:

 

“Müşahidə etsək, görərik ki, müharibə zamanı cəbhəyə gedərək vətənimizin bütövlüyü uğurunda mübarizəyə qoşulanların çoxu ana dilində təhsil alanlar olub. Rus dilində orta  təhsilini başa vuranların çoxu isə başqa ölkələrə üz tutub. Çünki xarici dildə təhsil alanların yaddaşında milli ruhlu bir şey qalmır. Bu, mənim fikrim deyil, elmi tədqiqatların çoxu bunu sübut edir. Etno-pedqoqlar qeyd edir ki, milləti ən yaxşı halda uşaqlar təmsil edir. Onlar öz təmiz və saf təfəkkürləri ilə millətin güzgüsü rolunu oynayırlar. Millilik öldükdə millətin yox oluşuna start verilir”.

 

Professor qeyd edir ki, şair və yazıçıların hansı dildə yazması da çox vacib amildir:

 

“Azərbaycanda kitab ticarətində yaranan boşluq narahatçılıq doğurur. Bu, da millətin ölümünə yol açır. Necə ola bilər ki, savadlı millətdə bu baş versin.

 

Mircəfər Bağırovun zamanında   ziyalılar arasında görüş keçirilib.  Səməd Vurğun da burada iştirak edir. O, şairə deyir ki, sən niyə öz övladlarını rusdilli məktəbə qoymursan, o da cavab verir ki, yoldaş Bağırov, mən şairəm, əgər yazdıqlarımı övladlarım anlamırsa, digərləri bunu necə qavraya bilər. Bizim şair və yazıçılar SSRİ dövründə siyasi dairələrdə təmsil olunmaq üçün öz övladlarını rus dilli məktəblərə qoyublar. Bu, da rus dilinə olan marağı artırıb”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları