Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-31 12:46:00
Akademiklər şagird və tələbələr üçün yaratdıqları şəraitdən danışdılar – “Onları həvəsləndiririk”  

Azərbaycan Milli Elmlər Akademiyasının institutları  yerli ali təhsil müəssisələri ilə əməkdaşlıq edir, institutda çalışan alimlər tələbələrə mütəmadi olaraq mühazirələr oxuyurlar.  Həmçinin,  tələbələr müxtəlif elmi sınaq və laboratoriya işlərinə cəlb edilirlər.

Bəs, yeni dərs ilinin başlamasıyla əlaqədar AMEA-nın insitutları tərəfindən elm və təhsilin vəhdəti üçün hansı tədbirlərin görülməsi nəzərdə tutulub? 

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu AzEdu.az-a açıqlaması zamanı bildirib ki, elmi sevdirmək üçün məktəblərdə mütəmadi olaraq mühazirələr təşkil olunur: 

“Şagirdlər gəlib bizim institutla tanış olurlar. Beynalxalq Ana dili günü münasibətiylə bir neçə məktəbdə olmuşuq. Ancaq məktəblərlə xüsusi müqaviləmiz yoxdur. Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi, özəl ali təhsil müəssisələrindən  Qərbi Kaspi, Avrasiya Universitetinin tələbələri  bizdə təcrübə keçirlər.

Təcrübə müddətində ədəbi dilin tarixinə, dialektologiyaya, kompüter dilçiliyinə və dilçiliyin müasir sahələrinə önəm verərək  tələbələri bu istiqamətlər üzrə maarifləndiririk”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin sözlərinə görə, Aşqarlar Kimyası İnstitutu bir sıra universitetlə əməkdaşlıq edir:

“Bizim institutda aparıcı alimlər Bakı Dövlət Universitetində dərs deyirlər. BDU-nun Neft-kimya və Kimya texnologiyası kafedrasının baza kafedrası yaradılıb. Doktorantlar, magistrlar burada diplom işləri görürlər. Onlara mühazirələr oxuyuruq. Moskva Dövlət Universitetinin Bakı filialı ilə də əməkdaşlıq edirik. Tələbələrin diplom işlərinin rəhbərləri bizim alimlərimiz  olur. Orta məktəblərdə şagirdlərlə görüşlər keçirib onlarda elmə həvəs oyadırıq.

Gələn il BDU-nun 100 illik yubileyi keçiriləcək. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının xüsusi qərarına əsasən  yubileydə Akademiya yaxından iştirak edəcək. Nə kimi tədbirlərin keçirilməsini qərarlaşdırmaq üçün təkliflər hazırlansa da hələ öz təsdiqini tapmayıb”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları