Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-31 11:48:00
Məktəblərdəki summativ qiymətləndirmə  problemi – “Biz zavallı müəllimlər nə edək ki…”  

“Təhsil Nazirliyinə müraciət edirəm: biz zavallı müəllimlər bir A4 bağlamasının  yarısını – 250 vərəqi ilin sonuna kimi nece çatdıraq? Bu 250 vərəq maksimum 15 gün çatır, maksimum …  Əgər kağız qıtlığı varsa, xahiş edirəm ya summativlər ləğv edilsin, ya da sayı minimuma  endirilsin”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Hacıqabul rayon Kolani kənd tam orta  məktəbinin  tarix müəllimi Müşfiq Nağıyev deyib. O, qeyd edib ki, summativlərlə bağlı müəllimləri narahat edən bir sıra məqamlar var.

Xatırladaq ki…

Kurikulumun tətbiqi ilə əlaqədar orta məktəblərdə şagird  nailiyyətləri 3 formada - diaqnostik, formative  və summativ qiymətləndirmə formasında qiymətləndirilir.

Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Summativ qiymətləndirmə əsasında şagirdlərin illik qiymətləri formalaşır.

Summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır. Və bunlar vərəqlərdə test formatında hazırlanaraq uşaqlara paylanılır.Yəni diqanostik qiymətləndirmə, summativlər, makrosummativlərin keçirilməsi kağız əsasında həyata keçirilir. Düzdür, məktəblərin təsərrüfat məsələlərinə görə müəyyən vəsaitlər ayrılır, lakin bu vəsaitlər yetərli hesab olunmur.

Müşfiq Nağıyevin sözlərinə görə, onlar il boyu summativlər üçün lazım olan A4 vərəqlərini öz hesablarına alırlar: 

“Məlumdur ki, məktəblərdə şagirdlərin biliyini qiymətləndirmək üçün summativ qiymətləndirmələr aparılır. Və bunun üçün də kifayət qədər A4 bağlamaları lazım olur. Bəs bu A4 vərəqləri ilə biz müəllimlər necə təmin edilirik? Bizim məktəbə il ərzində bir dəfə noyabr ayında A4 bağlaması verilir. O da, iki müəllimə bir ədəd, vəssəlam! Ondan sonra artıq kağız üzü görmürük. Məcbur olub öz pulumuza alırıq. İl boyu isə bir müəllimə summativlər üçün 3-4 bağlama A4 kağızı lazım olur. Hələ bütün günü dərslərdə, qrup işlərində bu vərəqlərdən istifadə etsək, o zaman ilboyu 10-15 bağlamaya ehtiyacımız olacaq. Bizə isə ildə bir dəfə iki müəllimə bir ədəd bağlama verilir.

Təhsil Nazirliyinə müraciət edirəm: biz zavallı müəllimlər ilboyu bir bağlamanın yarısını – 250 vərəqi ilin sonuna kimi necə çatdıraq?  Bu 250 vərəq maksimum 15 gün çatır, maksimum ha! Əgər kağız qıtlığı varsa, xahiş edirəm ya summativlər ləğv edilsin, ya da sayı minimuma endirilsin. Kağız-sənəd içində itib batmışıq, sanki bank işi ilə məşğuluq. Hələ digər əyani vəsaitləri demirəm, onları ümumiyyətlə, ilboyu görmürük. Yalnız adını eşidirik. Ele bilirik ki, nadir tapıntıdır, muzeylərdə saxlanılır”.

Qeyd edək ki, summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, qiymətləndirmə standartlarının səviyyələrinə əsasən hazırlanan vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır.