Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-03 17:01:00
700 bal toplayan yeganə tələbə: “Əziyyətim bu səbəbdən boşa getmədi”

 

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının (ikinci cəhd) nəticələrini açıqlayıb.

 

Qəbul imtahanlarında 1 nəfər 700 bal toplayıb.

 

AzEdu.az IV ixtisas qrupu üzrə 700 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu Nigar Ağazadənin təəssüratlarını öyrənib.

 

Nigar Ağazadə bildirib ki, o, 700 bal toplamağı əvvəlcədən hədəf seçib:

 

 “Açığı, imtahanın ikinci cəhdinə hazırlaşmağa əvvəlcə tərəddüd etdim, lakin sonra hədəf seçib, əzmlə hazırlaşmağa başladım. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. Ümumiyyətlə hesab edirəm ki, nizamlı çalışma nəticəsində abituriyentlərin qəbul imtahanlarında yüksək nəticə göstərməsi mümkündür. Sadəcə olaraq, xüsusilə də 10 və 11-ci siniflərdə fikrini dərsə verməli və məsuliyyətli çalışmalısan. Müəllimlərim də mənə hər zaman bunu məsləhət görürdülər. Onların sözünü dinlədim, hədəf seçdim və ona çatdım. Birinci cəhd imtahanlarda cəmi 1 sualı səhv cavabladığıma görə 700 bal toplaya bilməmişdim. Açığı, çox pis olmuşdum”.

N.Ağazadə, həmçinin qeyd edib ki, Azərbaycan Tibb Universitetiin “Müalicə işi” ixtisasını seçəcək: “Təhsilimi indilik Azərbaycanda davam etdirəcəm. Gələcək illərdə isə Türkiyədə təhsil almağı çox istəyərəm. Məqsəd qoyub çalışaramsa, bu uğuru da əldə edəcəyimə inanıram. Bütün tələbələrə bol şans arzulayıram”.