Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-30 12:35:00
Valideynlərin məktəbəqədər təhsillə bağlı bilməli olduğu vacib məqamlar – Onlar nələrə diqqət etmirlər?  

Yeni dərs ilinin başlanmasına  artıq sayılı günlər qalıb. Təkcə, ümumi orta məktəblərində deyil, elə məktəbəqədər təhsil müəssisələrində də dərslər sentyabrın 15-də başlayır.  Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Lakin 1-3 yaş arası uşaqların valideynləri onların təhsilinə görə daha çox narahat olur və uşaqların yükləndiyini qeyd edirlər.

AzEdu.az  1-3 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrindəki təhsilinə dair müəyyən olunan qaydaları təqdim edir:

Ümumiyyətlə, deyək  ki…

Məktəbəqədər təhsilin dövlət  standartı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə uyğun hazırlanıb və tabeliyindən, mülkiyyət formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrinə şamil olunur.

Bu müəssisələr ilboyu fəaliyyət göstərir, lakin yay aylarında məşğələlərin sayı azalır. İldə iki dəfə - yanvar ayının əvvəlində və mart ayının axırında 1 həftəlik tətil olur. Bu dövrdə məşğələlər keçirilmir, əsasən əyləncəli tədbirlər, ekskursiyalar təşkil edilir.

Məktəbəqədər təhsil müəssisəsində tədris dili dövlət dili – Azərbaycan dilidir. Valideynlərin arzusu və istəyi ilə tədris məktəbəqədər təhsilin dövlət standartı əsasında digər dillərdə də aparıla bilər.

Məktəbəqədər təhsil müəssisəsində 1-3 yaşlı uşaqlar üçün qruplarda uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

- 1 yaşdan 2 yaşadək - 15 uşaq

- 2 yaşdan 3 yaşadək - 15 uşaq

Müxtəlif yaşlı uşaqlar üçün qruplarda:

- 1-3 yaşlı - 10 uşaq

Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Burada keçirilən məşğələlərin həftəlik sayı və müddəti aşağıdakı kimi müəyyənləşdirilir:

Körpələr qrupu (1-2 yaş) üzrə həftəlik məşğələ sayları

Ətraf aləmə bələdləşmənin  genişləndirilməsi və nitq inkişafı – 1məşğələ

Bədii ədəbiyyatla tanışlıq və nitq inkişafı - 1 məşğələ

Sensor tərbiyə (didaktik materiallarla, oyuncaqlarla, tikinti materialları ilə hərəkət) – 2 məşğələ

Hərəkətlərin inkişafı – 2 məşğələ

Musiqi – 2 məşğələ

Cəmi - 8 məşğələ

Qeyd edək ki, 1 yaşdan 1 yaş 6 aya qədər uşaqlarla məşğələ ikinci oyaqlıq dövründə keçirilir. Məşğələnin müddəti 8-10 dəqiqə olur. Məşğələ yarımqruplarla (5-6 uşaqla) təşkil olunur.

1 yaş 6 aydan 2 yaşadək uşaqlarla yarımqruplarda keçirilən məşğələnin müddəti isə 10-12 dəqiqə olur. Məşğələlər səhər və axşam oyaqlıq dövründə keçirilir. 

Körpələr qrupu (2-3 yaş) üzrə həftəlik məşğələ sayları

Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələrinə maraq tərbiyəsi) – 1 məşğələ

Bədii ədəbiyyatla tanışlıq və nitq inkişafı - 1 məşğələ

Sensor tərbiyə (didaktik materiallarla, tikinti materialları ilə iş, rəngə, formaya, ölçüyə, məkana bələdləşməyə aid didaktik oyunlar) – 2 məşğələ

Rəsm, gil işi (həftəaşırı) - 1 məşğələ

Fiziki mədəniyyət – 2 məşğələ

Musiqi – 2 məşğələ

Cəmi – 9 məşğələ

Qeyd edək ki, məşğələlər günün birinci yarısında keçirilir. Müddəti isə 10-15 dəqiqə olur.