Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-20 17:20:00
“Hələ gün üzünə çıxarılmayan məsələlər də var”- Məktəblinin döyülməsinə etiraz

 

 

“Kütləvi şəkildə küyə gedərək günahı olmayan şəxslərin cəzalandırılmasına yol vermək olmaz”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

 

 

Belə ki, Lənkəranda məktəblinin döyülməsi faktı mətbuatda və ictimaiyyətdə böyük rezonansa səbəb olub.

 

 

İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərovanın 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızını döydüyü haqqında məlumat qısa müddətdə ən çox müzakirə olunan hadisələrdən birinə çevrildi.

 

 

İctimai rəyin tələbindən sonra araşdırma aparıldı və fakt təsdiqləndi.  Baş Prokurorluqda bununla bağlı cinayət işi başlanılıb. Lənkəranda məktəblinin döyülməsində təqsirli bilinən icra başçısının müavini Rasilə Arifqızı isə işindən azad edilib.

 

 

Həmçinin, məktəb direktoru  da işdən çıxarılıb.

 

 

Məsələ ilə bağlı danışan deputat Fazil Mustafa bu kimi məsələlərdə insanların küyə getməsinin  yaxşı nəticə vermədiyini vurğulayıb:

 

 

“Hadisə ilə bağlı tədbirlər görülüb, icra başçısının müavini və direktor işdən azad edilib. Bu istiqamətdə müəyyən addımların atılması prosesi davam edir. Lakin kütləvi şəkildə küyə gedərək günahı olmayan şəxslərin cəzalandırılmasına yol vermək olmaz. Belə hadisələrə rast gəlinir. Sosial şəbəkələr bəzi məsələləri ajiotaja çevirir və nəticədə günahsız insanlar da cəzalanır. Ona görə də hansısa qərar verilərkən məsələ hərtərəfli şəkildə araşdırılmalı və buna uyğun olaraq cəza tədbirləri seçilməlidir. Şiddət və digər zorakılıq halları öz təsdiqini tapdıqda buna uyğun hüquq-mühafizə orqanları tərəfindən işlər görülməlidir.

 

 

Lənkəranda baş verən hadisədə əsas günahkar döyən şəxs, yəni icra başçısının müavinidir. Hadisəyə emosiyalarla baxmaq düzgün deyil. Ola bilər ki, məktəb direktorunun məsələdə heç bir günahı olmasın, lakin o, cəzalanır. Sosial şəbəkələrə deyil, real həyata baxmaq lazımdır, kimin günahı varsa, ona cəza vermək vacibdir”.

 

 

O, şiddət və zorakılıq hallarının qarşısının alınması üçün hansı addımların atılmasının vacibliyini vurğulayıb:

 

 

“Düşünürəm ki, təhsil işçilərinin bu kimi hallara yol verməməsi üçün təlimlərə ehtiyac yoxdur. Ölkədə məktəb və valideyn münasibətləri düzgün qurulmalıdır. Uşaqlar təhsil müəssisələrinə bağlanmalıdır. Bunların hər biri ayrı-ayrılıqda həll olunması lazım olan problemlərdir. Ən əsas məktəbəqədər təhsil müəssisələrində azyaşlılar üçün düzgün  təlim-tərbiyə sistemi formalaşmalıdır. Eyni zamanda valideynlər məsuliyyətlərini düzgün yerinə yetirməlidilər. Bunların hamısı kompleks məsələlərdir. Ona görə də baş verən xoşagəlməz olayı bir insan və bölgə ilə məhdudlaşdırmaq düzgün deyil. Bu, aşkara çıxan proseslərdir, hələ gün üzünə çıxarılmayan məsələlər də var ki, onlar sual altındadır”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları