Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-20 15:56:00
"Testləri yayılan fənni üzrə imtahanlar yenidən təşkil edilməlidir" - PROBLEM 

 

 

“İmtahan prosesinin ciddi nəzarətə götürülməsi üçün cəmiyyətdə fəaliyyəti və dürüstlüyü ilə hörmət  qazanan müəllimlərdən ibarət komissiya təşkil edilməlidir”.

 

MİQ müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə bir neçə test nümunəsinin imtahandan öncə sızdırılması bütün təhsil ictimaiyyətində rezonans yaratdı.

 

Belə ki, müəlliflərdən biri olan müəllimin əməkdaşlıq etdiyi kursa test nümunələrini qanunsuz ötürməsi və videodərs zamanı izahının verilməsi faktı təsdiqini tapdı. Nəticədə xidməti müqavilənin şərtlərini kobud surətdə pozduğuna görə həmin müəlliflə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi addımların atılacağı bildirildi.

 

Eyni zamanda Təhsil İnstitutu bu hadisənin imtahan nəticələrinə olan təsirləri ilə bağlı elmi-statistik təhlil apardığını,yekun nəticələrə dair qərar barədə ictimaiyyətə ətraflı məlumat veriləcəyini bildirdi.

 

Bəs belə olan halda sözügedən imtahan nəricələrilə bağlı hansı addımlar atılmalıdır?

 

Sabiq deputat, pedaqoq Sona Əliyeva mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında bu kimi problemlərin hər il müşahidə edildiyini bildirib:

 

“Hər il direktorların və müəllimlərin işə qəbulu müsabiqəsi zamanı bu kimi problemlər yaşanır. Başqa fənlər üzrə də bu halın yaşanıb-yaşanmaması ilə bağlı ciddi araşdırma aparılmalıdır. Düşünürəm ki, Təhsil Nazirliyi bu kimi problemlərin həlli istiqamətində kifayət qədər çalışmır, əks halda eyni problemlər təkrar yaşanmaz. Bu kimi məsələlər müəllimlər arasında ciddi narazılıqlara səbəb olur, nazirliyə olan etimadı sarsıdır. Bu məsələ araşdırılmalı və ədalətli qərarlar verilməlidir”.

 

O, imtahan prosesinin nəzarətdə saxlanılması üçün müəllimlərdən ibarət komissiya yaradılmalı olduğunu qeyd edib:

 

“Ümumilikdə imtahan prosesləri ciddi nəzarətə götürülməli, komissiya yaradılmalıdır. Bu komissiyanın üzvləri isə məhz ədalətli, fədakar, cəmiyyətdə fəaliyyəti və dürüstlüyü ilə hörmək qazanmış müəllimlərdən seçilməlidir. İşə qəbul proseslərinin həyata keçirilməsini Təhsil Nazirliyi öhdəsinə götürüb, amma hesab edirəm ki, bu işi layiqincə yerinə yetirə bilmir”.

 

Pedaqoq bu istiqamətdə ədalətli qərar verilməli olduğunu vurğulayaraq, riyaziyyat fənni üzrə imtahanların yenidən keçirilməsinin doğru olacağını söyləyib:

 

“Riyaziyyat fənni üzrə təşkil edilən imtahanlarda testlərin sızdırılması isə bir çox müəllimə haqsızlıqdır. Əldə suallar olduqdan sonra hazırlaşmaq çətin deyil. Bu mövzuda ədalətli qərar verilməlidir. Məsələn, imtahanlar yenidən, daha diqqətli şəkildə təşkil edilə bilər. Müəllim cəmiyyəti yüksək sosial rifaha malik deyil, onların arasında çox müxtəlif sosial statusa malik insanlar var. Əksəriyyətin hər hansı kursa getmək üçün heç imkanı yoxdur. Nümunə olaraq, dağ kəndində yaşayan müəllimlə, şəhərdə olan müəllimin fiziki və maddi olaraq resursları eyni səviyyədə deyil. Hətta internet əlçatanlığı da məhduddur.”

 

Sona xanım, müəllimlərin də bir-birilərinə qarşı ədalətli davranmalı olduğunu nəzərə çatdırıb:

 

“Ümumilikdə müəllimlər belə haqsızlığa yol verməməlidirlər, bir-birilərinə qarşı ədalətli davranmalıdırlar. Təhsil Nazirliyi onsuz da, prosesin öhdəsindən layiqincə gələ bilmir. Müsabiqənin keçirilməsində əsas məqsəd qiymətləndirmənin ədalətli aparılmasıdır. Əgər bu dəyərlərə əhamiyyət verilmirsə, o zaman bu müsabiqə nəyə lazımdır? İndi elə bir zəmanədir ki, heç bir şeyi gizlətmək mümkün deyil. İstənilən məlumat mediaya, sosial şəbəkələr sızır. Nəzərə almaq lazımdır ki, müəllimlər də sosial şəbəkələrdə çox aktivdirlər. Bu baxımdan, qiymətləndirmə prosesində şəffaflıq bərpa olunmalıdır. Əks halda, müəllimlər arasında narazılıqlar daha da güclənəcək və getdikcə başqa bir şəkil alacaq”.