Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-20 15:29:00
“Nazirliyin problemləri çoxdur, MİQ müsabiqəsini DİM keçirməlidir”-TƏKLİF

 

MİQ müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə bir neçə test tapşırığının imtahandan əvvəl qanunsuz şəkildə yayılması təhsil ictimaiyyətində böyük narazılıqla qarşılandı.

 

Bu hal namizədlərin etirazların səbəb oldu və müsabiqənin şəffaf təşkilini sual altına qoyduğu, nazirliyin fəaliyyətinə kölgə salındığı bildirildi.

 

Həmçinin, müsabiqənin test mərhələsinin Dövlət İmtahan Mərkəzinə həvalə edilməsi mövzusu yenidən gündəmə gətirildi.

 

ADPU-nun dosenti, pedaqoq-alim   İlham Əhmədov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında bu kimi məsələlərin nazirliyin nüfuzuna mənfi təsir göstərdiyini vurğulayaraq, daxildəki kadr təminatı mövzusunda toxunub:

 

“Bu xoşagələn deyil, belə hallar Təhsil Nazirliyinin nüfuzuna xələl gətirir. Həmçinin, “Nazirliyin bu kimi problemləri həll etməyə səriştəsi kifayət edirmi?” məzmununda sualların yaranmasına səbəb olur. Yaxın zamanlarda nazirliyin kadr təminatı ilə bağlı mətbuatda məqalələr yayımlanmışdı. Nəticədə məlum oldu ki, dövlət təhsil sektorunda çalışanlar kənarda qalıb, ancaq repetitorları, müxtəlif kurslarda çalışan menecerlər və s. kimi şəxslər nazirliyə cəlb edilib. Həmin şəxslər də dövlət işinə müvəqqəti vəzifə kimi baxırlar, əsas hədəfləri öz bizneslərini inkişaf etdirməkdir. Bu da onu deməyə əsas verir ki, testlərin imtahandan öncə  sızdırılması halları gələcəkdə də yaşana bilər. Elə nümayəndə var ki, onun üçün nazirliyin nüfuzu əhəmiyyətli deyil, çalışdığı kursun reytinqi maraqlıdır”.

 

Pedaqoq Təhsil Nazirliyinin fəaliyyətinə daxil olan müsabiqələrin imtahan mərhələsinin DİM-ə həvalə edilməli olduğunu söyləyib:

 

“30 ildir ölkədə qiymətləndirmə ilə məşğul olan Dövlət İmtahan Mərkəzi fəaliyyət göstərir. Bu qurum ali təhsilin səviyyələri üzrə qəbul imtahanları ilə yanaşı, dövlət qulluğu və bir sıra digər kütləvi qiymətləndirmələri həyata keçirir. DİM artıq bu sahədə ixtisaslaşıb, hesab edirəm ki, qiymətləndirməni bu qurumun həyata keçirməsi təhlükəsizlik baxımından daha məqsaədəuyğundur. Təhsil Nazirliyinin problemləri isə kifayət qədərdir. Son 6 aydır təhsilverənlərin sertifikatlaşdırılması, müəllimlərin və direktorların işə qəbulu müsabiqələri ilə bağlı məsələlər gündəmi zəbt edib. Düşünürəm ki,nazirlik bu kimi məsələlərdən xilas olmalı, qeyd edilən proseslərin təşkilini Dövlət İmtahan Mərkəzinə həvalə etməli, özü isə birbaşa mövcud problemlərin həlli ilə məşğul olmalıdır. Təhsil öyrətmə deməkdir, qiymətləndirmə isə yekun mərhələdədir. Təhsil Nazirliyi il ərzində öyrənmə prosesinin təşkili, məzmunu və idarə edilməsi kimi məsələlərə diqqət etməlidir”.

 

O, nazirliyin təhsil sistemindəki mövcud problemlərin həllinə istiqamətlənməli olduğunu vurğulayıb:

 

“Təhsil Nazirliyi ilə əlaqəli olan bütün imtahan proseslərini Dövlət İmtahan Mərkəzinin həyata keçirməsi daha məqsədəuyğundur. Təhsil sistemimizdə bir sıra problemlər var ki, həlli istiqamətdə ciddi addımlar atılmır. Xüsusilə ali təhsildəki problemlərlə bağlı nazirliyin hər hansı ciddi addım atdığını görməmişəm. Rektorlar Şurası var,amma fəaliyyətini görmürük. Yəni nazirlik sırf təhsillə məşğul olmalıdır, kütləvi imtahanların təşkili isə DİM-ə həvalə edilməlidir”.