Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 17:32:00
“Sualların sızmasında Təhsil İnstitutunun heç bir günahı yoxdur” -Etiraz

 

 

14 iyul 2022-ci il tarixində keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən 3 sualın bundan əvvəl bəzi namizədlərə videoformatda izah edilməsi faktı aşkar edilib.

 

Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq Təhsil İnstitutuna təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib. Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub. 14 iyul 2022-ci il tarixində keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilmiş 3 sualın (S.Quluzadə tərəfindən MİQ sual bankına təqdim edilmiş) imtahandan əvvəl bəzi namizədlərə videoformatda izah olunması iddiası öz təsdiqini tapıb.

 

Onunla bağlanmış xidməti müqavilənin şərtlərini kobud surətdə pozduğuna görə, S.Quluzadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi addımlar atılacaq.

 

Baş verən hadisə müəllim namizədlərin narazılığına səbəb olub.

 

AzEdu.az-a danışan təhsil mütəxəssisi Elşən Qafarov məsələnin böyüdülməsini düzgün hesab etmir:

 

“Təhsil İnstitutu problemlə bağlı dəqiq açıqlama verib. Bu kimi hallara DİM-in keçirdiyi imtahanlarda da rast gəlmək olar.

 

Əsas fakt odur ki, Təhsil İnstitutunun müqavilə bağladığı şəxs  kofidensiallığı pozub və qanuna əməl etməyib. Düşünürəm ki, proseslə  bağlı hüquqi prosedur sona kimi yerinə yetiriləcək. Həmin şəxs inzibati qaydada, ya da  cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı bütün addımlar atılacaq. Bir şəxsin özünün tanınması üçün  etdiyi qanunsuz əməl  böyük imtahana kölgə salmamalıdır. 60 sual daxilində 3-nün mənfi tendensiya yaratması imtahanın ümumi nəticəsinə də xələl gətirməməlidir. Ən yaxşı halda Təhsil İnstitutu həmin sualı  hamı üçün düzgün hesab edə bilər”.

 

O, MİQ-in keçirilməsini Təhsil Nazirliyinin öhdəsində qalmasının vacib olduğunu qeyd edib:

 

“Uzun illər müəllimlərin işə qəbulu və sertifikasiyanın  DİM tərəfindən aparılmasının tərəfdarı olmuşam.

 

Amma son illər Təhsil Nazirliyi  bir çox sahədə  uğurlu nəticələr əldə edib. Onlardan biri də müəllimlərin işə qəbuli imtahanı və onun şəffaf keçirilməsidir. Bu prosesin daxilində də Təhsil İnstitutunun xüsusi əməyini qeyd etmək istəyirəm. Son zamanlar  sertifikatlaşdırma ilə bağlı  çox böyük marifləndirmə tədbirləri keçirir, o cümlədən də,  sertifikasiyanın  qanunvericiliyə uyğun olaraq  Təhsil Nazirliyi tərəfindən aparılması təcrübi baxımından da vacibdir. Bu kimi hallar xoşagələn deyil, amma istisnalar hər zaman mövcuddur.

 

Düşünürəm ki,  qaydanı pozan şəxsə qarşı Təhsil İnstitutu hüquqi tərəfdən bütün addımları atacaq, həmin insan ən sərt şəkildə cəzalanmasına nail olacaq. Bunu da görülən böyük zəhmətin qarşılığında  səlib yürüşünə çevirmək lazım deyil. Məsələ Təhsil İnstitutunun müqavilə bağladığı şəxsin məsuliyyətsizliyi ucbatından  baş verib. Düşünürəm ki, bununla bağlı ən sərt cəza verilməlidir ki,  belə hallar təkrarlanmasın.

 

DİM-də də  təəssüflər olsun ki,  zaman-zaman belə hallar müşahidə edilir. Müəllimlər baş verən hadisə ilə bağlı panikaya düşməsinlər. Həmin 3 sual imtahanın nəticəsinə birbaşa təsir etməyəcək”.

 

Təhsil mütəxəssisi MİQ-də baş verən mənfi hallara münasibət bildirib:

 

“Ötən il MİQ-də baş verənləri ən sərt şəkildə tənqid edənlərdən biri oldum. Sualların və imtahanın formatı dəyişdikdə ilkin olaraq müəyyən səhvlərin olması mümkündür. Lakin yaranmış problemləri aradan qaldırmaq vacibdir.

 

Dəqiq və dürüst sistem yaratmaq üçün təbii ki, müəyyən nöqsanlar olacaq. Əsas odur ki, onlar vaxtında aşkarlansın və aradan qaldırılsın.

 

Həmin müəlllim xidməti müqavilə ilə fəaliyyət göstərirdi. İnsan işin nüfuzuna və kommersiya sirrinə xələl gətirdiyi üçün inzibati qaydada cəzalandırılmalıdır. Bu məhkəmə qaydası ilə həyata keçirilə bilər. Hətta deyərdim ki,  bununla bağlı cinayət məsuliyyətinin yaranması halı mümkündür. Məsələni Təhsil İnstitutunun günahı saymaq olmaz, bu, şəxsin özünün məsuliyyətsizliyi və ucuz reklama qaçmasıdır.

 

Mütəxəssislərlə işləmək vacibdir, insanlar özləri  əməllərinə fikir verməlidilər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları