Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-11 21:30:00
Tanınmış iqtisadçı alim vəfat etdi


Görkəmli iqtisadçı alim, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Akif Fərhad oğlu Musayev bu gün 75 yaşında vəfat edib.



Qeyd edək ki, Akif Musayev 1947-ci il 18 iyul tarixində Füzuli rayonunun Qorgan kəndində anadan olmuşdu. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuşdu. 1977-ci ildə iqtisadi-riyazi üsullar ixtisası üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini almışdı. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi.

İqtisadçı alim ölkə Prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə medalı”, 2018-ci il tarixli Sərəncamı ilə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuşdu. Həmçinin Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyətləri tərəfindən dünya elm və təhsilinə verdiyi töhfələrə görə “Beynəlxalq Şərəf Diplomu”na və “Görkəmli lider mükafatı”na layiq görülmüşdü.