Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-04 09:44:00
“Müəllimlər üçün pensiya yaşı aşağı salınsın”-Partiya SƏDRİ

 

Təhsilverənlərin sertifikatlaşdırılması prosesilə bağlı narazılıqlar səngimək bilmir.

 

AzEdu.az xəbər verir ki, bu dəfə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin böyük elmi işçisi, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, professor Qubad İbadoğlu proseslə bağlı narazılıqları dilə gətirib.

 

Professor eyni tələbin bütün yaş qruplarına şamil edilməsinin ədalətli olmadığını bildirib:

 

“Verilən məlumata görə, tezliklə yaşından asılı olmayaraq bütün müəllimlər sertifikasiyadan keçiriləcək. Eyni tələbin bütün yaş qruplarına şamil edilməsini düzgün və ədalətli hesab etmirəm. Belə ki, elmi tədqiqatlar göstərir ki, 39 yaşdan sonra insanların uzunmüddətli yaddaşı sürətlə zəifləyir. Tibbi araşdırmalara əsasən qadınlarda orta hesabla 52, kişilərdə isə 57 yaşdan sonra nəinki uzunmüddətli yaddaş işləyir, hətta yaddaşda silinmə müşahidə olunur. Bu yaş qrupundan yuxarı olanlar yeni oxuduqlarının və gördüklərinin ən yaxşı halda 3-5 faizini yaddaşda saxlaya bilirlər. Belə olan halda hələ pensiya yaşına çatmayan, amma məktəbdə tədris və tərbiyə ilə məşğul olan biçarə müəllimlərdən imtahanda kurikulum 50 faizdən çox mənimsəməsini gözləmək böyük ədalətsizliyə yol açacaq. Belə ki, işini itirənlərin böyük əksəriyyəti nə maaş, nə də pensiya ala bilməyəcək”.

 

O, nazirliyi məsələyə bir daha baxmağa çağırıb və problemin həlli üçün təklif irəli sürüb:

 

“Təhsil işçilərində yaranmış ədalətsizliyi aradan qaldırmaq üçün ADR Partiyası Təhsil Nazirliyini bu məsələni bir daha dəyərləndirib, yenidən qərar verməyə çağırır, ya da müəllimlər üçün pensiya yaşının aşağı salınmasını təklif edirəm”.

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə prosesə aydınlıq gətirərək, iradlara cavab verib:

 

“Məlumat üçün deyim ki, sertifikasiya bütün müəllimlər üçün deyil, indiki halda ancaq ibtidai sinif müəllimləri üçün aparılacaq. Bu da Bakı-Abşeron, Gəncə- Daşkəsən, Quba-Xaçmaz regionlarında dərs deyən 11 min müəllimi əhatə edəcək. Bu prosesdə hər hansı çətinlikdən söhbət gedə bilməz. Bu gün cənab nazirin də dediyi kimi yüksək faizlə müəllimlər sertifikasiyadan keçəcəklər. Keçə bilməyənlər üçün isə 1 il boyu dəstək yönümlü təlimlər təşkil ediləcək”.