Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-13 15:34:00
“Universitetlərimiz Türkiyədə güclü maraq yaratdı” -  “AzEdu Academy”-nin təhsil sərgisi 

 

 

11-12 İyun tarixlərində Azərbaycan universitetlərinin Türkiyədə sərgisi keçirilib.

 

Türkiyənin bir çox nüfuzlu media qurumları tərəfindən işıqlandırılan sərgidə Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər. Sərgi qardaş ölkənin mediası və təhsil ictimaiyyətinin diqqətini cəlb edib, belə tədbirin təşkil olunmasının Azərbaycan və Türkiyənin təhsil sahəsində əlaqələrinin daha da gücləndirilməsi baxımdan xüsusilə önəmli olduğu bildirilib.

 

Qardaş ölkə ilə yanaşı ölkəmizdə də təhsil ictimaiyyəti tərəfindən maraqla qarşılanan sərgi yüksək qiymətləndirib, ali təhsil sistemimiz üçün əhəmiyyəti vurğulanıb.

 

 İxtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev AzEdu.az-a açıqlamasında yerli universitetlərimizin xarici ölkələrdə təqdimatının vacibliyindən danışıb:

 

“Demək olar ki, hər il Azərbaycanda beynəlxalq ali təhsil müəssisələrinin sərgiləri keçirilir. Müxtəlif ölkələrdən olan universitetlər çalışırlar ki, özlərini Azərbaycanda tanıtsınlar. Burada əsas məqsədlərdən biri ölkələrinə əcnəbi tələbələrin cəlb edilməsidir. Həmçinin bilik, təcrübə, fikir mübadiləsi də nəzərə alınır. Necə ki, bu ölkələrin universitetləri başqa ölkələrdə təqdimat edir, özlərinə əcnəbi tələbə cəlb etməyə çalışırlar, eynilə biz də ali təhsil müəssisələrimizin təqdimatı ilə məşğul olmalı, marketinq sistemini doğru müəyyənləşdirməliyik. Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri, kurslar, özəl məktəblər öz tanıtımlarını uğurlu həyata keçirdiyi kimi, universitetlərimiz xarici ölkələrdə də buna diqqət etməlidirlər. Ölkə daxilində marketinq sistemini yaxşı quran universitet, ən yüksək bal toplayan abituriyentləri özünə cəlb edə bildiyi kimi, yerli universitetlərimiz əcnəbi tələbələri də özünə cəlb etməyi bacarmalıdırlar”.

 

Mütəxəssis əcnəbi tələbələrin Azərbaycan universitetlərinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb:

 

“Əcnəbi vətəndaşların ölkəmizdə təhsil alması həm fikir, həm də təcrübə mübadiləsi, həm də ölkəmiz haqqında düşüncələrini paylaşmaları baxımından əhəmiyyətli olar. Biz də onlara Azərbaycan haqqında doğrum məlumatları çatdırmalıyıq ki, həmin tələbələr məzun olduqdan sonra ölkələrinə qayıtdıqda, bizim haqqımızda müsbət düşüncələrini və həqiqətləri paylaşsınlar. Azərbaycan ərazi baxımından kiçik bir dövlət olduğu üçün bir çox dünya ölkələrində kifayət qədər tanınmaya bilər. Amma çalışmalıyıq ki, dünyada, əsasən də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bizim adımız çəkilsin. Sadəcə tələbələrin deyil, müəllimlərin də mübadilə proqramları və s. vasitəsilə ölkəmizə gəlmələrinə şərait yaratmalıyıq”.

 

“Təəssüf ki, bu kimi təqdimatlara çox az universitetimiz maraq göstərir”

 

“Universitetlərin qarşılıqlı şəkildə digər ölkələrdə öz təqdimatlarını həyata keçirmələri həm onların özünüinkişafı, həm də ölkəmizin tanınması baxımından çox mühüm məsələdir. Mövzuya laqeyd yanaşmamalıyıq. Bu məsələ ilə bağlı bir şeyi bölüşmək istəyirəm. Bir neçə il əvvəl Azərbaycan universitetlərinin əməkdaşları olaraq xarici ölkələrdən birinə ölkəmizi təmsil etmək üçün yollanmışdıq. Azərbaycandan sadəcə, 3-4 universitetin əməkdaşı qatılmışdı, digərləri isə bunun onların maraq dairəsində olmadığını bildirmişdilər. Onu da qeyd edim ki, həmin təqdimatda Azərbaycan universitetlərinə kifayət qədər maraq vardı”.

 

O, universitetlərin əcnəbi tələbələri özünə cəlb etmək üçün müəyyən imkanlar yaratmalı olduqlarını nəzərə çatdırıb:

 

“Yerli ali təhsil müəssisələrimiz istər daxili, istərsə də xarici marketinq sistemlərini doğru şəkildə qurmalıdırlar. Plan yerləri sadəcə maddi qazanc vasitəsi kimi görülməməlidir. Universitetlər yerli tələbələrlə yanaşı, əcnəbi tələbələr üçün də müəyyən imkanlar yaratmalıdırlar ki, onları ölkəmizə cəlb edə bilək. Bu həm də Azərbaycanın həmin ölkələrdə tanıtımı deməkdir”.