Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-03 10:24:00
Azərbaycan təhsilində STEAM effekti


XXI əsrdə texnologiya sürətlə inkişaf edir və bu inkişaf ölkələrin təhsil sistemlərinə də öz təsirini göstərir. Xüsusilə son illəri nəzərə aldıqda ölkə təhsilində STEAM effektini kəskin şəkildə görmək olar. 2019-2020-ci tədris ilindən etibarən start götürən “STEAM Azerbaijan” layihəsi 2021-2022-ci tədris ilində artıq 302 məktəbi əhatə edib.

 


STEAM Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) bir-birinə inteqrasiya olduğu təhsil metodudur. Şagirdlərdə kreativ yanaşma vərdişi yaradan bu metod, orta təhsildən başlayaraq məktəblilərin İKT-dən (İnformasiya və Kommunikasiya Texnologiyaları) sərbəst istifadə etmələri üçün tədris olunur. Hazırda ölkəmizdə bütün sahələrdə mütəxəssislərin İKT ilə işləmək və onlardan sərbəst şəkildə istifadə etmək bacarığına çox böyük önəm verilir. Bütün bunlardan əlavə, İKT-dən istifadə etməklə təhsildə, bununla yanaşı fərqli sahələrdə də idarəetməni xeyli təkmilləşdirmək mümkündür. Dünya təcrübəsi sübut edir ki, İKT-dən geniş istifadə edilən təhsil metodlarında pedaqoji heyətin də üzərinə önəmli məsuliyyətlər düşür. STEAM təhsil metodunda bu məsələyə xüsusilə diqqət yetirilməsi, eləcə də, şagirdlərin kollektiv anlayışını mənimsəyəcək şəkildə öyrədilməsi onların gələcək kariyeralarında da komanda işi görmə qabiliyyətinin artmasında rol oynayır.


Layihənin tətbiqi zamanı müxtəlif metodlardan istifadə olunur. Bununla yanaşı pedaqoji meyarlar da əsas götürülür. Layihə əsaslı öyrənmə - PBL, fənnlərarası inteqrasiya və fənlərararası öyrənmə, dizayn əsaslı öyrənmə, oyun əsaslı öyrənmə, analogiyaya əsaslanan öyrənmə , mobil əsaslı öyrənmə və kiçik dəyişikliklər etməklə, düzəltməyə əsaslanan öyrənmə metodları tətbiq edilir. 3D dizayn modelləşdirmə (Tinkercad), 3D printerlə çap etmə, mikrobit platfotmasında blok proqramlaşdırma, sensorlarla layihələrin icrası (Coding) isə layihə zamanı vacib olan əsas alətlərdir. Bütün bunların sistemli şəkildə şagirdlərə ötürülməsi, layihələrin və görüləcək işlərin müzakirə və tətbiqi prosesinin kollektiv üçün əyləncəli olması məktəblilərin mənimsəməsinə müsbət təsir göstərir.

 

STEAM layihəsi şagirdlərlə yanaşı müəllimlərə də təsir göstərir. Ümumiyyətlə, bu təhsil metodunun kökündə yaradıcılığın, tənqidi düşünmənin, kollektivlə işləmə bacarığının ötürülməsi yatdığı üçün prosesdə iştirak edən hər kəs sadalananlardan faydalanır. STEAM müasir, dövri tələblərə uyğun metodikalara inteqrasiya olmağı bacaran müəllimlərə dərsin mövzusuna uyğun olaraq effektli və optimal təlim üsul və vasitələrini seçməkdə, eləcə də, müxtəlif resurslardan istifadə etməklə təlim nəticələri almaqda sərbəstlik tanıyır. Bu da məktəblilərlə yanaşı müəllimlərin də inkişafına yol açır.

 

Hazırda ölkə üzrə 8 STEAM mərkəzi fəaliyyə göstərir. Layihənin əhatə dairəsinin genişləndirilməsi çərçivəsində ölkə üzrə 15 STEAM mərkəzinin yaradılması nəzərdə tutulub. Bakıdan və 50 regiondan 100.000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib. Bu sayda şagirdin STEAM tədris metodu ilə təhsil alması onların şəxsi inkişafına təsir göstərməklə yanaşı ölkənin təhsildə texnologiya inkişafında qərb modelinə uyğunlaşması prosesini sürətləndirəcəkdir. Məhz bu və digər səbəblərdən dünyanın qabaqcıl təhsil sistemlərindən birinə çevrilmək üçün ölkə üzrə STEAM təhsil metodunun tətbiq edilməsini gələcəyə atılan uğurlu addımlardan biri hesab etmək olar.


Rəşad İmanov
Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin IV kurs tələbəsi