Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-02 14:30:00
“Azərbaycan dünya startap reytinqində irəliləyib, amma qazandığımız mövqe yetərli deyil”- Osman Gündüz

 

“Global StartupBlink qurumu cari il üçün 100 ölkəni əhatə edən növbəti hesabatını açıqlayıb. Global Startup Ecosystem Reytinqinə görə Azərbaycan 2022-ci ildə 4 pillə irəliləyərək 85-ci yerə qalxıb”.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.

 

O, ölkənin siyahıda və regionda hazırki mövqeyini nəzərə çatdırıb:

 

“Bakı şəhəri isə şəhərlərarası reytinqdə 12 pillə irəliləyib. Ötən il isə əvvəlki illə müqayisədə Azərbaycan 19 pillə geriləmişdi. Hesabatdan görünür ki, ötən ildən başlayaraq ASAN StartupBlink qurumu ilə partnyorluq edir. Azərbaycandan 43 startap, 11 innovasiya və kovörkinq mərkəzləri barədə məlunatlar da StartupBlink bazasına daxil edilib. Reytinqdən görsənir ki, keçmiş sovetlər birliyinə daxil olan ölkələr içərisində elələri var ki, cari ildə daha uğurlu nəticələr əldə edə biliblər. Məsələn, startap ekosistemin inkişafına görə Gürcüstan 7 pillə, Ermənistan 5 pillə irəliləməklə reytinqdə daha irəlidədirlər. Yalnız Ukrayna, Rusiya və Belarus ötən illə müqayisədə geriləsələr də, reytinqdə bizdən çox irəlidədirlər”.

 

Prezident, bu hesabatın hazırlanmasında əsas götürülən meyarlara diqqət çəkib:

 

“StartupBlink şirkətinin Global Startup Ecosystem Hesabatı hər il hər bir ölkə üzrə ekosistemin müxtəlif sahələrini xarakterizə edən Kəmiyyət , Keyfiyyət və Biznes Mühiti indeksləri əsasında formalaşır.  Bu metodologiyada Kəmiyyət indeksinə startapların sayı, Kovorkinq mərkəzlərin sayı, Akselerasiya mərkəzlərin sayı, Startap tədbirlərin sayı və s. parametrlər daxildir. Keyfiyyət indeksini ölçmək üçün müxəlif beynəlxalq startap platformalardan əldə olunan məlumatlar, özəl sektorun startap ekosistemə investisiyası, startlarda çalışanların sayı, qlobal startap tədbirləri və s. parametrlərdən istifadə olunur. Biznes mühiti indeksi isə biznesin təşkili üçün mövcud şərtlər, İnternetin sürəti və internet azadlığı, investisiya mühiti, patentlərin sayı, rəqəmsal bankçılıq və s. əsasında müəyyən olunur”.

 

“Beləliklə, Azərbaycanın reytinqdə 4 pillə irəliləməsi müsbət addım olsa da, qazandığımız mövqe potensial imkanlarımız baxımından yetərli hesab oluna bilməz. Xatırladıram ki, ölkəmizdə startap ekosistemin inkişafına cavabdeh dövlət qurumları RİNN, ASAN və KOBİA-dır”-deyə o bildirib.