Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-10 14:03:23
“AMEA prezidentləri  rəhbəri olduğum institutun qapısını belə açmayıblar”-Misir Mərdanov

 

“Kabinetdə oturmaqla iş görmək olmaz, bu, düzgün deyil. Akademiyanın prezidenti fəal adam olmaldır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq Təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun di­rek­to­ru, professor  Misir Mərdanav deyib.

 

O, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olacaq şəxsin hansı özəlliklərə sahib olmasına aydınlıq gətirib:

 

“Elə insan AMEA prezidenti olmalıdır ki, o, akademiyanın  nüfuzunu bərpa etsin. Həmçinin, seçiləcək şəxs çalışqan, savadlı, bilikli, Azərbaycan elmini  dünyada, beynəlxalq aləmdə  təmsil edə bilməli və şəxsləri ətrafına toplama potensialına malik olmalıdır. Eyni zamanda, bu gün dünyanın müxtəlif ölkələrində  Azərbaycanın tanınmış alimləri çalışır, onlarla sıx əlaqə yaratmaq, ölkəmizə dəvət etmək vacibdir. Burada əsas məsələ akademiya prezidentinin üzərinə düşür. AMEA rəhbəri alimlərin xarici ölkələrdə hansı elmi araşdırmalarla məşğul olduğunu  öyrənib, dəqiqləşdirməlidir.

 

Prezident olacaq şəxs çox vaxt AMEA-nın müxtəlif institutlarında alimlərin məruzələrini dinləməlidir”.

 

Misir Mərdanov qeyd edir ki, sabiq  AMEA prezidenti 10 ildir ki, onun rəhbəri olduğu instituta baş çəkmədi

 

“Azərbaycan elminin nüfuzunu bərpa etmək olar. Keçmiş zamanda mövcud olan mənfi halların qarşısı alınmalıdır. İşçilərlə dil tapan insan rəhbər seçilməlidir. O, tez-tez institutlarda olmalı, alimlərin elmi seminarları, müdafiələrində iştirak etməlidir. Kabinetdə oturmaqla iş görmək olmaz, bu, düzgün deyil. Akademiyanın prezidenti fəal adam olmaldır. Məsələn, 10 ilə yaxındır ki, AMEA-da çalışıram, lakin bir dəfə də olsun akademiya prezidenti bu institutun qapısını açmayıb, heç digər institutları da ziyarət etməyib. Özləri hansısa yolla, ürəkləri istədikləri institutlara gediblər. Belə şəxs  AMEA-da prezident ola bilməz”.

 

Direktor AMEA ilə Təhsil Nazirliyinin birləşdirilməsi fikrinə münasibət bildirib:

 

“AMEA uzun illərdir ki, ölkəmizdə fəaliyyət göstərir, onu dağıdaraq hansısa quruma birləşdirmək  asandır, lakin burada keyfiyyət göstəricisi  əldə etmək çətin olacaq. Hazırki dövrdə  AMEA-nın Təhsil Nazirliyinə birləşdirilməsinin və ya ləğv olunmasının tərəfdarı deyiləm. Belə hesab edirəm ki,  akademiyada bu gün kifayət qədər sanballı, nüfuzlu alimlərimiz var. O alimlərin əməyini stimullaşdıraraq onlar üçün yaxşı şərait yaradılsa, AMEA-nın nüfuzunu bərpa etmək olar. Bu yolla AMEA-nı Azərbaycan xalqı və dövlətinə  olan xidmətini bərpa etmək mümkündür”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları