Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-06 13:47:00
Yeni təhsil idarə rəhbərləri  AzEdu.az-a DANIŞDILAR- “Qarşımıza bir çox  plan və məqsəd  qoymuşuq”  

 

Azərbaycanda yaradılan regional təhsil idarələrinə yeni rəhbərlər təyin edilib.

 

AzEdu.az-a danışan Dağlıq Şirvan və Lənkəran-Astara regional təhsil idarələrinin rəhbərləri fəaliyyət istiqamətlərindən söz açıblar.

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbəri Rövşən Əliyev yeni yaradılan strukturda hansı işlərin görüləcəyindən söz açıb:

 

“Cənab nazir bizi bu vəzifəyə layiq gördüyü üçün ona xüsusi minətdarlığımı bildirirəm. Bizə bu etimad göstərilib və onu doğrultmağa çalışacayıq. Qarşımızda müəyyən vəzifələr qoyulub. Onlar sadə olmamaqla yanaşı, olduqca məsuliyyətli və  çətin işlərdir. İlkin məqsədlərimiz dövlət proqram və strategiyalarının   düzgün şəkildə yerinə yetirməkdir. Çalışacam ki,  bu istiqamətdə işimi qurum. Gələcək vəzifələrdən  biri də təhsil müəssisələrində tədris-metodiki  rəhbərliyin həyata keçirilməsini müəyyən etməkdir. Psixoloji xidmətin təşkilini düzgün şəkildə qurmaq, metodiki şuraların fəaliyyətini canlandırmaq   və təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq vacib proseslər sırasındadır. Təhsilin keyfiyyətini yüksəltmək  regionda ən önəmli faktordur. Eyni zamanda sağlam təhsil mühitinin yaradılması da  lazımdır. Valideyn-şagird, müəllim-şagird   və digər münasibətlərin   düzgün şəkildə qaydaya salmaq əsas işimizin bir hissəsidir. Eyni zamanda bütün bunları etməklə  vətəndaş məmnunluğunu yaratmağa çalışacayıq, onlar bizdən narazı  qalmamalıdır.

 

Valideynlər şagirdləri məktəbə göndərdikdə  inanmalıdır ki, biz düzgün olan təlim və tərbiyəni  onlara verəcəyik. Həmçinin, təlim texnologiyaları,  innovativ layihə və proqramlarla  işləmək borcumuzdur. Çünki biz beynəlxalq təhsilə inteqrasiya  edirik. Müəllimlərimiz beynəlxalq əlaqələr qurur və biz onların praktika və təcrübələrindən istifadə edəcəyik. Həmçinin, digər regionlara da  bunları ötürəcəyik. Əsas odur ki, çevik təhsil sistemini formalaşdıra bilək. Elə edəcəyik ki, hər şey  yerində və vaxtında həllini tapsın və bütün bunlar maraqlar çərçivəsində həll olunmasını təmin edəcəyik”.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfov hansı fəaliyyətləri həyata keçiriəcəklərini vurğulayıb:

 

“Regional idarələrindən    gözləntilər çoxdur. Burada idarəetmədən başlayaraq  şəffaflıq və bərabərliyin təmin edilməsi, metodik xidmətin daha yüksək səviyyədə  təşkili,  müəllimlərin peşəkar bacarıqlarının  artırılması  və təhsilalanlarla verənlərin məmnunluq səviyyəsinin yüksəldilməsi əsas prioritetlər sırasındadır.  Qarşımıza bir çox  plan və məqsəd  qoymuşuq. Sözsüz ki, burada  Təhsil Nazirliyi  tərəfindən də  müvafiq  fəaliyyət planı və əsasnaməyə uyğun  tapşırıqlar var ki, onları  uğurlu şəkildə icra etmək istəyirik. Məqsədimiz bu sahədə öncül regional  idarələrdən biri olmaqdır. Fəaliyyət planlarımıza əsasən, yaxın  müddətdə  regionun istedadlı şagirdlərinin üzə çıxması və onlarla  xüsusi  məşğul olmaq kimi məsələlər yer alır. Regionumuzda olan gənc müəllimlərin  peşəkar  bacarıqlarını artırmaq üçün  dəstəkləyici təlim, seminar və konfranslar keçirmək istəyirik. Təcrübəli müəllimlərin bilik və bacarıqlarını gənclərə mübadilə etmək olduqca vacibdir, əlavə  olaraq idarəçiliklə bağlı inkişaf proqramlarının hazırlanması da nəzərdə tutulub. Qeyd edim ki, bütün işlər yalnız  regionumuzun  bölgələrində davamlı  olaraq inkişafına yönəlib”. 

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli müvafiq sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsi yaradılıb. 2022-ci ilin 1-ci rübündə müvafiq yerli təhsil şöbə və idarələrin balansındakı dövlət əmlakı Regional Təhsil idarələrinin balansına verilib, inventarizasiyasının aparılması, müvafiq sənədlərin və məlumatların təhvil-təslim işləri başa çatıb. Regional Təhsil idarələrinin yerləşəcəyi şəhər və ya rayon mərkəzləri də müəyyən olunub və təhsil naziri tərəfindən təsdiq edilib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları