Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-18 11:48:00
Məzunların işlə təmin olunmasında əsas problemlər nələrdir? - TƏHLİL

 

“Ali təhsil müəssisələrində təkcə “iş axtaranlar” deyil, həm də və bəlkə də daha çox “iş yeri yaradanlar” yetişdirilməlidir”

 

Ali təhsil müəssisələri məzunlarının işlə təmin olunması, həmçinin iş təcrübəsinin olmaması problemi hər zaman aktuallığını qoruyan məsələlərdəndir.

 

Hazırda da bu problemlə üzləşən çox sayda universitet məzunu var. UNEc rektoru, professor Ədalət Muradov da bu problemin mövcudluğuna diqqət çəkərək mövzu ilə bağlı vacib məqamları vurğulayıb.

 

AzEdu.az xəbər verir ki, rektor işəgötürənlərlə, ali təhsil müəssisələrinin qeyd edilən mövzudakı maraqlarından danışıb:

 

“Əvvəla qeyd etməliyik ki, işəgötürənlərin ali təhsil müəssisələrini yenicə bitirmiş məzunlarını işə qəbul etmək kimi bir öhdəlikləri yoxdur. Amma, işəgötürənlərin hamısı savadlı, bacarıqlı, səriştəli mütəxəssislərə ehtiyac duyduğunu bildirirlər. Həqiqət həm də ondan ibarətdir ki, ali təhsil müəssisələri də öz məzunlarının işə qəbul edilməsində ən çox marağı olan tərəfdir. Axı bu həm də, ali təhsil müəssisələrində təhsilin keyfiyyət göstəricilərindən ən vacibidir! Yəni, işəgötürənlər onların tələblərinə cavab verən mütəxəssisləri işə qəbul etməyə hazır olduğunu, ali təhsil müəssisələri isə işəgötürənlərin tələblərinə cavab verən mütəxəssislər hazırlamaq iqtidarında olduğunu bildirirlər. Başqa sözlə, işəgötürənlərin və ali təhsil müəssisələrinin maraqları üst-üstə düşür, amma reallıqda bu, problem olaraq qalır”.

 

Professor əsas problemi qeyd edərək, həlli vacib olan məqamları nəzərə çatdırıb:

 

“Görünən əsas problem fikrimizcə, ondan ibarətdir ki, “yaxşı mütəxəssis” meyarlarının müəyyən edilməsinə işəgötürənlər və ali təhsil müəssisələri arasında fərqli baxış var. Eləcə də, əmək bazarının müasir tələblərə cavab verməyən seqmentlərinin də mövcudluğu hamıya bəllidir və universitetlər həmin seqment üçün də mütəxəssis hazırlığı həyata keçirməlidirmi sualı da cavab axtarır? Dövlət təşkilatları və dövlət müəssisələri yanında kadr hazırlığı, ixtisas artırması, yenidən hazırlığı və bu qəbildən olan tədris müəssisələrinin mövcudluğu bu sahədə bazar münasibətlərinin, yəni işəgötürənlərin sifarişi əsasında təhsil müəssisələri tərəfindən mütəxəssis hazırlığlı sisteminin formalaşmasına mane olmurmu? Bu kimi suallar çoxdur və istisnasız olaraq onların hamısının cavabı var. Həmin cavabları tapmaq üçün işəgötürənlər və ali təhsil müəssisələri arasında açıq və ciddi müzakirələrə ehtiyac var...”

 

Son olaraq o, -“Digər məsələ isə, ali təhsil müəssisələrində təkcə “iş axtaranlar” deyil, həm də və bəlkə də daha çox “iş yeri yaradanlar” yetişdirilməsidir”-deyə qeyd edib.