Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-15 16:51:00
23 şəhər və rayonda IX siniflərin buraxılış imtahanları başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 16-17 aprel 2022-ci il tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanlar respublikanın 23 şəhər və rayonunda təşkil olunacaq.

 

Aprelin 16-da keçiriləcək imtahanda 23107, aprelin 17-də keçiriləcək imtahanlarda isə 21749 nəfər olmaqla, ümumilikdə 44856 şagirdin iştirakı nəzərdə tutulur.

 

İmtahanlarda 8 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

 

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.