Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-11 14:13:00
Qurbağa sınağına görə qınanan müəllim: “Mənə qarşı qarayaxma kampaniyası aparılır”

 

 

Son günlər sosial şəbəkələrdə müəllimin dərs zamanı qurbağayla təcrübə aparması ilə bağlı görüntüləri yayılıb.

 

 

Bəzi izləyicilər bunu heyvana qarşı şiddət olaraq qiymətləndirib və qınaq obyektinə çevirib.

 

 

AzEdu.az-a danışan təcrübəni aparan  biologiya müəllimi  və 71 nömrəli məktəbin direktoru Ülviyyə Mahmudova məsələyə aydınlıq gətirib:

 

 

“Keçmiş zamanlardan bu kimi təcrübələr orta məktəb, universitet və digər elmi-tədqiqat müəssisələrində aparılıb. Mən də bunu  abituriyentlərlə təcrübə əsnasında etməyə qərar verdim. Həmin şəxslər 4-cü ixtisas qrupuna hazırlaşır və gələcəkdə həkim olmaq arzusundadırlar. Burada işgəncə olunacaq nüans yoxdur. Mahiyyət ondan ibarətdir ki,  sinif prosesində reflektor məsələləri öyrənmək və əyani olaraq göstərmək üçün  bu təcrübəyə müraciət olunub.

 

 

Belə ki, öncə qurbağanın başı ilə onurğa beyini arasında  xüsusi nöqtəyə  iynə batırılır, bununla da heyvan iflic edilir. O heç bir ağrı hiss etmir. Bundan sonra isə  başı kəsilərək götürülür və ayağının bir ya qaynar suya, ya da  turşuya salınır ki, uşaqlara göstərilə bilsin ki,  ayağını çəkə bilir. Bu, o deməkdir ki, onun onurğa beynindən hələ də siqnallar gəlməkdədir. Biz təcrübə əsnasında həmin məqamı isbat etmiş olduq.

 

Sonra isə qurbağanın daxili orqanlarına baxılır və  ürəyinin hələ də işləməsi  prosesi nümayiş etdirilir. Bu, o mənanı əks etdirir ki, ürək hətta qurbağa ölsə belə, bir müddət əzələlərdə olan impulslar sayəsində  fəaliyyət göstərəcək. Bu mənim kəşf etdiyim bir şey deyil və qanunla qadağan olunmayıb”.

 

 

Direktor məsələni ona qarşı olan qarayaxma olaraq qiymətləndirib:

 

 

“Sadəcə olaraq,  məni qaralamağa çalışan bir qrup insanlar var. Onlar bu kampaniyanı həyata keçirirlər.

 

 

Mənim apardığım təcrübənin əks olunduğu videoya  rəy yazanlara heç nə demək istəmirəm. Onlar  kitabları, elmi ədəbiyyatları araşdırsınlar. Bir mütəxəssisin yetişməsi üçün 25-30 il lazımdır. Özüm Bakı Dövlət Universitetinin bakalavr  və magistratura səviyyələrini  bitirmişəm, hazırda  disertantam. 15 il müəllim və 3 il direktorluq  təcrübəm var, iki oğlan övladı yetişdirirəm. Məni tanıyan insanlar çox gözəl bilir ki, Ülviyyə və “işgəncə” sözləri yanaşı işlənə bilməz. İnşallah, hər kəs öz əməlinə görə cəzalandırılacaq. Allah hət kəsə insaf versin”.

 

 

Ülviyyə xanım qeyd edir ki, şagirdləri üçün faydalı olmağa çalışır:

 

 

“İstəyirəm ki, abituriyentlər bizdən fayda götürsün. Şagirdlərim artıq qurbağanın daxili orqanlarını  unutmayacaq. Bunu işgəncə və cəza kimi başlıqlarla  paylaşanların  məqsədi  qaralama kampaniyası aparmaqdır, onlar istəyirlər ki, direktorun adı ləkələnsin. Mən bu vəzifəyə saxta yolla gəlməmişəm. Hər biri üçün imtahandan keçmişəm. Heç kimin yanında utanılacaq işim yoxdur. Bu, elmdir, xüsusi ilə, biologiya  canlıları öyrənir, onlar da təbii ki, bəzən elmi-tədqiqat obyekti olaarq istifadə edilə bilər. COVİD-19 və digər bütün xəstəliklərin peyvəndi ilk olaraq heyvanlar üzərində sınaqdan keçirilib. Yəni bu, bizim cəmiyyətə bu qədərmi yad mövzudur? Bilmirəm ki, bunu belə ajotaja çevirməkdə maraqlı olan kimdir?”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları