Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-31 12:06:00
 Müəllimliyi bitirən tələbə birbaşa işə təyinat almalıdır - MİQ-ə etiraz 
 
 
 
 

 

 

“MİQ-in keçirilməsində bir çox ədalətsiz məqamlar müşahidə edilir. Belə ki, vakansiyalar gizlədilir, müəyyən qaranlıq işlərə əl atılır. Müəllimləin maaşı yüksək deyil və bu, da onlar üçün iqtisadi çətinliklər yaradır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında    tanınmış təhsil mütəxəssisi Sona Əliyeva deyib.

 

Belə ki, Müəllimlərin İşə Qəbulu müsabiqəsində edilən dəyişiklər bəzi təhsil işçilərinin etirazlarına səbəb olub.

 

Həmin etirazlar sırasında səhv cavabların düzü aparması, sualların 100 ballıq şkala ilə qiymətləndirilməsi kimi detallar var.

 

Sona xanım qeyd edir ki, müəllimlərin imtahan edilməsi verilən təhsilin şübhə altına alınmasına gətirib çıxarır:

 

“MİQ-in keçirilməsində bir çox ədalətsiz məqamlar müşahidə edilir. Belə ki, vakansiyalar gizlədilir, müəyyən qaranlıq işlərə əl atılır. Müəllimləin maaşı yüksək deyil və bu, da onlar üçün iqtisadi çətinliklər yaradır. Yaşadığı yerdən 100-150 kilometr məsafədə yerləşən əraziyə getməsi həmin şəxs üçün ciddi problemlər yaradır. Onları yoxlamaq üçün daha optimal variantlar yaradılmalıdır.

 

Müəllimləri üst-üstə  imtahan etmək  onlara verilən maaşın müqavilində ədalətli deyil. Bu məsələni Təhsil Nazirliyi nəzərə almalıdır. Müxtəlif, optimal yollar yaradılmalıdır. Elə müəllimləri imtahan etmək lazımdır ki, onlar uzun müddətdir ki, iş fəaliyyətlərinə ara vermiş olsunlar. Universiteti bitirən tələbə birbaşa olaraq təyinatını almalıdır, yaxud da, yüksək balla qəbul olan tələbələr təyinatla göndərilməlidir”.

Pedaqoq  vurğulayır ki, imtahan prosesinə inam yoxdur:

 

“Müxtəlif şikayətləri sosial şəbəkə üzərindən oxuyuram.Təhsil Nazirliyi sosial mediada  baş verən problemləri ümumiləşdirərək onlar üzərindən düzgün variant əldə edə bilər. Təbii ki, cəmiyyətdə razı və narazı kəsim də olacaq. Lakin hər bir kəsə uyğun addım atmaq olar”.

 

Sona Əliyeva müəllimlərin qarşılaşdığı çətinliklərdən söz açıb:

 

“Bu gün ünsiyyətdə olduğum müəllimlərin bir çoxu deyir ki, “biz yaşamırıq”. Onlar qeyd edir ki, bizə o qədər iş verilir və yüklənilir ki, onları çatdırmaqda çətinlik çəkirik.  Bu işlərin müqabilində müəllimlərin maaşları artırılmalıdır. Onlar da görsünlər ki, əməklərinə verilən dəyər yaxşıdır. Müəllimləri yükləməklə təhsilin keyfiyyətinin artdığını müşahidə etmirəm. Yeni keyfiyyətlər formalaşmır, repetitor sistemi işləyir, imkanı olan şəxslər isə övladlarını xarici ölkələrə göndərirlər.

 

Zamanında müəllimlər təyinatla işləmək üçün gedirdilər, lakin təhsilin keyfiyyəti daha yüksək səviyyədə idi.

 

Mənim kimi şəxsləri, təhsil ekspertlərini deyil, məhz müəllimləri dinləmək lazımdır. Onların təklif etdiyi optimal variant üzərindən  nəticələr əldə etmək mümkündür. Çünki bu prosesin birbaşa iştirakçıları müəllimlərdir. Həmin ziyalı kütləsini də narazı salmaq  düzgün deyil”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları