Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-18 10:41:00
Elm və təhsil nazirliyi yaradılmalıdır-Deputatdan TƏKLİF

 

 

“İnsan kapitalının formalaşmasında təhsilin gücü yetərli deyil”.

 

Bu sözləri özünün şəxsi feysbuk hesabında deputat Etibar Əliyev deyib.

 

O, elm və təhsilin birləşməsinin əhəmiyyətindən söz açıb:

 

“Hələ XIX əsrdə böyük alim və təhsil islahatçısı Vilhelm Fon Humbolt tədqiqat və tədris fəaliyyətinin vəhdəti prinsipini formalaşdırdı. Alman universitetləri indiyə qədər bu prinsipə riayət edirlər. Ölkənin klassik universitetlərinin başlıca vəzifəsi təkcə tələbələrə təhsil vermək deyil, həmçinin, yeni elmi ideyaların generasiyası, müstəqil fundamental və tətbiqi tədqiqatların aparılması, yeni nəsil tədqiqatçıların hazırlanmasıdır. Alman ixtiralarının böyük əksəriyyətinin kökündə Humboltun ideyası əsasında formalaşmış təhsil və tədqiqatın vəhdəti durur. Üstəlik, bu ideya bütün dünyaya yayıldı və məşhur universitetlər həmin prinsiplə işləməyə başladı. İndi də uğurla fəaliyyət göstərən bütün universitetlər bu ideya ilə çalışır”.

 

Etibar Əliyev elm və təhsilin birləşdirilməsinin qanunvericilikdə olan tətbiqindən söz açıb:

 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur. Həmin sənəddə göstərilir: Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Onun insan kapitalının formalaşmasına və inkişafına təsiri özünü iki şəkildə büruzə verir: 1) insan kapitalının formalaşmasında birbaşa iştirak edən ixtisaslı mütəxəssislərin hazırlaması; 2) yeni biliklərin yaranmasında, tətbiqində və ötürülməsində bilavasitə iştirak”.

 

Deputat dünya təcrübəsini də vurğulayıb:

 

“Dünyada Tədqiqat Universitetlərinin geniş vüsət alması göstərdi ki, insan kapitalının formalaşmasında təhsilin gücü yetərli deyil. Elm mütləq tamamlayıcı funksiyanı yerinə yetirməlidir.

 

Tanınmış universitetlərdə hesab edirlər ki, tədqiqat – professorların işinin ayrılmaz tərkib hissəsi olmalıdır. Yalnız elmlə aktiv şəkildə məşğul olan professor öz sahəsində son tədqiqatlardan məlumatlı olur və bu səbəbdən dərs dediyi materialı daha dərindən bilir.

 

Digər tərəfdən, dərs demək elmi tədqiqatlar üçün olduqca vacibdir. Yəni tələbələrə mürəkkəb materialları başa düşüləcək səviyyədə izah etmək üçün lektor problematikanı və elmi paradiqmaları daha yaxşı və dərindən bilməlidir. Dərs demək və tədqiqat aparmaq bir-birilərini tamamlamalıdır.

 

Dünyanın ali təhsil sistemləri çərçivəsində yaradılan tədqiqat universitetləri peşəkarların, alimlərin, tədqiqatçıların hazırlanmasında, həmçinin milli innovasiya sisteminin dəstəklənməsi üçün yeni biliklərin istehsalında mühüm rol oynayır.

 

Elm və Təhsil Nazirliyi təhsil və elmin vəhdətini gücləndirməklə tədqiqat universitetlərinin yaradılmasına dəstəkçi ola bilər. İndi ölkələrin elmi potensialı tədqiqat universitetlərinin tutumu ilə ölçülür.

 

Bütün bunlar ölkədə “Təhsil və Elm Nazirliyi”nin yaradılmasını zərurətə çevirir. Bəs dünya təcrübəsi necədir?

 

Almaniyada Təhsil və elm siyasətini həyata keçirən qurumun adı belədir: Təhsil və elmi tədqiqatların Federal Nazirliyi.

 

Rusiyada: Elm və Ali təhsil nazirliyi;

 

Qazaxstanda: Təhsil və Elm nazirliyi;

 

Ukraynada: Təhsil və Elm nazirliyi;

 

Moldovada: Təhsil, Mədəniyyət və tədqiqatlar nazirliyi;

 

Gürcüstanda: Təhsil və Elm nazirliyi;

 

Latviyada; Təhsil və Elm nazirliyi;

 

Azərbaycanda: Təhsil Nazirliyi”.

 

Etibar Əliyev Elm və Təhsil Nazirliyinin yaradılmasının vacibliyini qeyd edib:

 

“Elmi işlərin müdafiəsinin təşkili ali məktəblərdə olmalıdır. Elmi dərəcələri və adları universitetlər verməlidir. Bu proses bütün dünyada belədir. Əlavə bürokratiyanın aradan qaldırılması elmi və elmi- pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsinin səmərəliliyini artıra bilər. Azərbaycan universitetləri 2005-ci ildən Boloniya Bəyannaməsinə qoşulub. Ali Attestasiya Komissiyası kimi bir qurumun fəaliyyəti dövrün tələblərinə cavab vermir və Bəyannamənin təməl prinsiplərinə ziddir.

 

AMEA-nın nəzdindəki instututlar universitetlərin profili nəzərə alınaraq, onların nəzdinə verilməli, yaxud profilindən asılı olaraq müstəqil fəaliyyət təmin olunmalıdır. Bir neçə institutun birləşdirilməsi isə qaçılmazdır”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları