Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-15 14:45:00
BŞTİ: Bu il məcburi köçkün məktəblərinə qəbul ilk dəfə elektron sistemlə aparılacaq

“Bu il nəinki Bakıda, hətta rayonlarda yerləşən məcburi köçkün məktəblərində də qəbul ilk dəfə olaraq elektron sistemlə həyata keçiriləcək”.

Bu sözləri “Məktəbəhazırlıq qruplarına sənəd qəbulu” ilə bağlı brifinqdə Bakı Şəhər Təhsil İdarəsinin informasiya təminatlı sektorunun müdiri İlhamə Abdullayeva deyib.

AzEdu.az xəbər verir ki, bu il Bakı Şəhər Təhsil İdarəsinə tabe olan məktəblərdə 940 məktəbəhazırlıq qrupunun açılması planlaşdırılıb. Ümumilikdə isə bu say 1570-1580 aralığında dəyişə bilər.

Bildirilib ki, bu il nəinki Bakıda, hətta rayonlarda yerləşən məcburi köçkün məktəblərində də qəbul ilk dəfə olaraq elektron sistem ilə həyata keçiriləcək.

Övladını məktəbəhazırlıq qrupuna yerləşdirmək istəyən valideyn öncə  mektebeqebul.edu.az saytına daxil olmalı, şəxsiyyətini təsdiq edən sənədlə valideyn üçün şəxsi kabinet yaratmalıdır. Daha sonra övladını şəxsiyyəti təsdiq edən sənəd və ya doğum haqqında şəhadətnamə ilə onu qeydiyyatdan keçirmək tələb olunur. Sonrakı addım isə məktəbin seçilməsidir. Valideyn həmin məktəbəhazırlıq qrupunda dərs deyəcək müəllimin adını da sistemdə görə bilir və onu seçmək imkanına malik olur. Ən son addım elektron ərizəni sistemdə çap və məktəbə təqdim etməkdir. Artıq uşaqları məktəbə aparmağa da ehtiyac yoxdur.    Çünki əvvəlki illərdə uşaqların müəyyən bacarıqları yoxlanılırdısa, indi belə deyil. İnternetə çıxışı olmayan valideynlər isə alternativ qeydiyyat mərkəzlərinə yaxınlaşa bilərlər.

Qeyd edək ki, elektron sistemdə qeydiyyat avqustun 15-dən sentyabrın 25-dək davam edəcək. Sənədlərin məktəbə qəbulu isə avqustun 15-dən sentyabrın 28-dək təşkil olunacaq. Məcburi köçkün məktəblərinə qəbul isə sentyabr ayının 1-dən 25-dək davam edəcək.

Günel YAŞARQIZI